...

Moldovalı ombudsman Azay Quliyevdən dəstək istədi

Siyasət Materials 31 Oktyabr 2013 18:37 (UTC +04:00)
Bu gün ATƏT PA-nın Büro üzvü, siyasi və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev Moldovanın ombudsmanı Aureliya Qriqoriunu qəbul edib.
Moldovalı ombudsman Azay Quliyevdən dəstək istədi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün ATƏT PA-nın Büro üzvü, siyasi və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev Moldovanın ombudsmanı Aureliya Qriqoriunu qəbul edib.

Trend-in məlumatına görə, moldovalı hüquq müdafiəçisi iyulun 4-də Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi "Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə" adlı beynəlxalq konfransda çıxışına görə ona qarşı təşkil olunan hücum haqqında millət vəkilinə ətraflı məlumat verib.

Xanım ombudsman çıxışında Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırımı törətməkdə ittiham edib və onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirib.

O, təəssüflə bildirib ki, Ermənistan parlamentində çıxışından sonra təzyiqlərə və təhdidlərə məruz qalaraq onun ölkəni tərk etməsinə əngəllər yaradılıb. Moldova parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunub, əks halda qisas alınacağı bildirilib.

Moldova ombudsmanı A.Quliyevdən ona qarşı həyata keçirilmiş bu hadisə ilə bağlı hüquqlarının müdafiəsi istiqamətində yardım etməyi və bu məsələni ATƏT Parlament Assambleyasında qaldırmağı xahiş edib.

A.Quliyev Moldova ombudsmanı A.Qriqoriuya obyektiv və ədalətli çıxışına görə təşəkkür edib və bildirib ki, Ermənistanda baş verən bu hadisə bir daha onu təsdiq edir ki, bu ölkədə nəinki beynəlxalq hüquq qaydalarına, eləcə də inkişaf etmiş mədəni cəmiyyətin elementar etik normalarına riayət və hörmət olunmur.

ATƏT PA-nın Büro üzvü A.Quliyev baş verən hadisənin Ermənistan adına çox böyük bir biabırçılıq olduğunu, bu halı insan hüquqlarının kobud pozuntusu hesab etdiyini vurğulayıb.

A.Quliyev xanım A.Qriqoriunun müraciətini diqqətdə saxlayacağını və onu ATƏT PA-da qaldıracağını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti