...

Bakıda "NATO-nun yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları" mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Siyasət Materials 18 Dekabr 2013 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "NATO-nun yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları" mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosiasiyası və Rumıniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli və Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Daniel Kristian Çiobanu açıb.

Natiqlər Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından söz açıb, Azərbaycan -NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün oynadığı roldan danışıblar.

Qeyd edilib ki, Azərbaycan NATO ilə əlaqələri yüksək qiymətləndirir və bu, xüsusilə təşkilatın Çikaqo sammitindən sonra yeni imkanların yaranması baxımından daha da prioritet istiqamət təşkil edir.

İnsan Hüquqları İnstitutunun şöbə müdiri professor Əfsər Sadıqovun moderatorluq etdiyi "NATO-nun Azərbaycanla tərəfdaşlığı: geniş əməkdaşlıq çərçivəsi" adlanan ilk sessiyada Milli Məclisin deputatı, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin üzvü Qüdrət Həsənquliyev bildirib ki, hazırda qloballaşma ilə əlaqədar olaraq təhlükəsizlik sektorunda islahatlar aparılması böyük əhəmiyyət kəsb edir.

NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Villiam Lahue NATO ilə Azərbaycanın bugünkü əməkdaşlığından və gələcək perspektivlərdən söz açıb.

Professor Ə.Sadıqov öz məruzəsində diqqəti regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemlərinə cəlb edərək, regionun əksər dövlətlərinin Dünya Ticarət Təşkilatına üzv olmasının enerji təhlükəsizliyi sferasında əməkdaşlığın ümumi hüquqi bazasının formalaşdırılmasında mühüm rol oynaya biləcəyini vurğulayıb.

"Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının yaranması" sessiyasında BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova "Qafqazda regional təhlükəsilik məsələsinə dair" mövzusunda məruzə edib.

Onun sözlərinə görə, XX əsrin sonlarında - XXI əsrin əvvəllərində Qafqaz regionunun geostrateji əhəmiyyəti xeyli yüksəlib və bu region təkcə Rusiya, İran və Türkiyə kimi yaxın qonşuların deyil, habelə Avropa İttifaqı, ABŞ, NATO və digər qeyri-regional aktorların maraq dairəsinə daxil olub.

Sessiyada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndəsi Elşad Mirbəşiroğlu "NATO-nun Cənubi Qafqaz dövlətləri ilə əməkdaşlığının optimallaşma istiqamətləri", Daxili İşlər Nazirliyi Polis Akademiyasının polkovnik-leytenantı Vasif Nəcəfov "NATO-nun yeni strateji konsepsiyası: Cənubi Qafqazda terrorizmlə mübarizənin təmin olunması", İnsan Hüquqları İnsititutunun əməkdaşı Vaqif Dadaşzadə "Cənubi Qafqazda ekoloji təhlükəsizlik sahəsində NATO - Azərbaycan əməkdaşlığı" mövzularında çıxışlar ediblər.

Müzakirələr zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.

Konfransın sonunda İnsan Hüquqları İnstitutunun direktoru A.Mustafayeva Azərbaycanın hazırda NATO ilə sıx əməkdaşlıq etdiyini, regional təhlükəsizliyin dəstəklənməsi üçün tərəfdaşlıq potensialının və şərtlərinin yaradılması istiqamətində aktiv və məhsuldar fəaliyyət göstərdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti