...

Azərbaycanın və İsrailin QHT sektorunun inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 16 Yanvar 2014 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İsrailin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Rafael Harpazla görüşüb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, R.Harpaz ötən ilin dekabrında Şuranın dəstəyi ilə Brüsseldə Avropa Parlamentində keçirilmiş "Azərbaycanda yəhudi həyatı və tolerantlıq mədəniyyəti"nin təbliğinə həsr olunan konfrans haqqında fikirlərini bölüşərək A.Quliyevə təşəkkürünü bildirib. Səfir Şuranın xarici QHT-lərin layihələrinin maliyələşdirilməsi ilə bağlı strategiyasının Azərbaycanın beynəlxalq imicinin müsbət inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini və təqdirəlayiq olduğunu qeyd edib.

O, Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin, tolerantlıq mühitinin və beynəlxalq sülhyaratma missiyalarında iştirakının dünyada tanıdılmasının vacibliyini bildirərək bu işdə yalnız dövlətin deyil, eyni zamanda, vətəndaş cəmiyyətinin yüksək fəallıq göstərməli olduğunu vurğulayıb.

A.Quliyev Şuranın xarici QHT-lərin layihələrini dəstəklənməsi işinə böyük önəm verdiyini və AP-də keçirilən dinləmələrin Azərbaycanda müxtəlif millətlərin bərabər hüquqluluq şəraitində yaşayışının beynəlxalq miqyasda təsdiqi olduğunu qeyd edib. O, Azərbaycanın və İsrailin vətəndaş cəmiyyətləri arasında münasibətlərin inkişafı üçün birgə qərarların qəbul edilməsinin və təcrübə mübadiləsi aparılmasının hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanın və İsrailin QHT sektorunun inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti