Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir S.Ağayeva/
Azərbaycan və İranın xarici işlər nazirləri arasında bu gün keçirilən görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.
Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan və İran XİN rəhbərləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif arasında bağlı qapılar arxasında keçirilən görüş bu gün Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.
XİN rəhbərlərinin mövcud formatda əvvəlki görüşü ötən il Naxçıvanda keçirilmişdi.
İki nazirin görüşünün əsas mövzusu əməkdaşlıq üzrə birgə komissiyaların fəaliyyəti, Xəzərdə, eləcə də enerji və nəqliyyat sahələrində əməkdaşlıq olub.
İranın XİN rəhbəri iki ölkənin tarix və mədəniyyətinin ümumiliyini qeyd edərək ikitərəfli münasibətlərin inkişafının vacibliyini qeyd edib.