Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Krımda martın 16-na təyin edilmiş referendumun yekunları üzrə Rusiyaya birləşmək haqqında qərar qəbul ediləcəyi halda onun nəticələrini tanımayacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vanda Türkiyə, İran və Azərbaycan XİN rəhbərlərinin görüşünün yekunu üzrə deyib.
Onun sözlərinə görə, hazırda Türkiyə Ukraynada siyasi böhranın nizamlanması üçün bütün tərəflərlə məsləhətləşmələr aparır.
Ə.Davudoğlu onu da qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü Ankara üçün hər şeydən vacibdir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Krımda referendumun ləğv edilməsinə çağırmışdı.