Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Tariverdiyeva/
Ermənistanın BMT Baş Assambleyasında Ukraynaya dair qətnamənin əleyhinə səs verməsi milli rüsvayçılıqdır. Trend-in Armenia Today-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Milli Yığıncağının deputatı Aleksandr Arzumanyan deyib.
BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib. 11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.
Rusiyanın mövqeyini Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuela və Zimbabve dəstəkləyib.
A.Arzumanyan qeyd edib: "Bu bizim üçün böyük rüsvayçılıqdır. Ermənistanın müstəqilliyi dövründə belə bir şey olmamışdı. Biz heç vaxt qul olmamışdıq. Rusiya Ukraynanı avtomat altında qərar qəbul etməyə vadar etdiyi vaxt Ermənistan qanunsuz referendumun nəticələrini dəstəklədi. Bu, Ermənistan xalqı üçün təhqirdir. Ən azından neytrallığı qorumaq lazım idi ki, bu da diplomatik münasibətlərin bir qaydasıdır".
Deputatın sözlərinə görə, Ermənistanın Avropaya can atdığını söyləmək cəfəngiyatdır: "Ermənistan heç kəsin hesablaşmayacağı dövlət oldu".