...

Azərbaycan XİN rəhbəri fələstinli həmkarı ilə görüşüb

Siyasət Materials 13 May 2014 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Bu gün Səudiyyə Ərəbistanı Krallığının ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşüb.

Görüş əsnasında Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. BMT TŞ-nin münaqişə ilə bağlı məlum qətnamələri tərəfindən dərhal, qeyd şərtsiz və tam şəkildə işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunduğunu deyən E.Məmmədyarov, Ermənistanın BMT TŞ-nin qətnamələrinə əməl etmədiyini qeyd edib. O, əlavə edib ki, Ermənistan müxtəlif məqsədyönlü addımlar, o cümlədən Cenevrə Konvensiyalarına zidd şəkildə Suriya ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməklə münaqişənin həllinə əngəl yaradır.

E.Məmmədyarov Azərbaycanın Yaxın Şərq münaqişəsinin həlli istiqamətində görülən səyləri və bu münaqişənin iki dövlət prinsipi əsasında həll edilməsini dəstəklədiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti