...

ABŞ Konqresinin üzvləri Azərbaycanın Respublika Günü münasibətilə bəyanatlar veriblər

Siyasət Materials 2 İyun 2014 10:46 (UTC +04:00)
ABŞ Konqresinin üzvləri Stiv Kohen, Maykl Törner, Cim Braydenstayn və Henri Kuellar Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ABŞ Konqresində bəyanatlarla çıxış ediblər.
ABŞ Konqresinin üzvləri Azərbaycanın Respublika Günü münasibətilə bəyanatlar veriblər

Azərbaycan, Bakı, 2 iyun /Trend/

ABŞ Konqresinin üzvləri Stiv Kohen, Maykl Törner, Cim Braydenstayn və Henri Kuellar Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ABŞ Konqresində bəyanatlarla çıxış ediblər.

Trend-in Azərbaycanın Vaşinqtondakı səfirliyinə istinadən verdiyi məlumata görə, bu 4 bəyanatın verilməsi ilə bu il ABŞ Konqresində 28 May - Respublika Günü münasibətilə verilən bəyanatların sayı 9-a çatıb. Belə ki, 28 may 2014-cü ildə ABŞ Konqresinin üzvləri Bil Şuster, Virciniya Foks, Paul Kuk, Mişel Qrişam və Madlen Bordallo Respublika Gününün 96-cı ildönümü ilə əlaqədar bəyanatlar vermişdilər. Bundan əlavə, 28 may tarixində konqresmen Stiv Stokman Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasında müvafiq qətnamə layihəsini irəli sürmüşdü.

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri olan S.Kohen bəyanatında Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib, 1918-ci ildə Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlamentar respublika qurduğunu qeyd edib və bu respublikanın tarixi nailiyyətlərindən bəhs edib. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyini deyən konqresmen ölkənin müstəqillik illərində də ciddi çağırışlarla qarşılaşdığını qeyd edib. Bu kontekstdə S.Kohen Azərbaycanın 20% ərazisinin hələ də işğal altında olduğunu deyib. O, Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı, habelə Azərbaycanın Avropanın və İsrailin enerji təhlükəsizliyinə töhfəsi kimi məqamları xüsusi qeyd edib.

Konqresin Nümayəndələr Palatasında irəli sürülmüş Cənubi Qaz Dəhlizinə dəstək ifadə edən qətnamə layihəsinin əsas müəllifi olan konqresmen M.Törner Respublika Günü münasibətilə verdiyi bəyanatda əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu vurğulayıb. O, Azərbaycan qazını Avropaya daşıyacaq Cənubi Qaz Dəhlizinin Avropanın təbii qazla təchizatının diversifikasiyası baxımından əhəmiyyətini qeyd edib.

Konqresmen C.Braydenstayn öz bəyanatında Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğunu vurğulayıb. O, təmsil etdiyi Oklahoma ştatının Milli Qvardiyasının Azərbaycan Silahlı Qüvvələri ilə "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində sıx əməkdaşlıq etdiyini deyib.

Konqresmen H.Kuellar isə Azərbaycanın Respublika Gününün 96-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan və ABŞ arasındakı strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın Avropanın, Türkiyənin və İsrailin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti