...

Mübariz Əhmədoğlu: Avrasiya İqtisadi Birliyi SSRİ-dən daha çox Avropanın Polad və Kömür birliyinə bənzəyir

Siyasət Materials 4 İyun 2014 12:04 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Astanada Avrasiya İqtisadi İttifaqının (Aİİ) təsis edilməsi sənədləri imzalandı.
Mübariz Əhmədoğlu: Avrasiya İqtisadi Birliyi SSRİ-dən daha çox Avropanın Polad və Kömür birliyinə bənzəyir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Qazaxıstanın paytaxtı Astanada Avrasiya İqtisadi İttifaqının (Aİİ) təsis edilməsi sənədləri imzalandı. Sənədin imzalanmasına az müddət qalmış Qazaxıstan rəsmiləri Aİİ çərçivəsində gördükləri işin hesabatını verdilər. Təxminən 3 min səhifəlik sənəd 969 səhifə və 23 bölməyədək azaldılmışdı. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, Aİİ-nin sənədlərindən siyasətlə bağlı bütün məsələlər çıxarılıb: "Bu qurum yalnız iqtisadi quruma çevrildi. Avrasiya İqtisadi İttifaqını təsis etmək üçün Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müstəqil Qazaxıstanın yeni paytaxtı adlandırdığı Astana şəhərinə gəldilər. N.Nazarbayev xüsusi olaraq vurğuladı ki, Aİİ iştirakçı dövlətlərin suverenliklərini əhatə etmir".

M.Əhmədoğlu qeyd edib ki, bu tarixi aktın imzalanması zamanı hər üç prezident çıxışlarını "Avrasiya İqtisadi İttifaqı haqqında sənəd imzalanmağa tam hazırdır" fikri ilə bitirdilər: "Ekspertlərin fikrincə, Gömrük İttifaqının azad ticarət zonasına 40-a yaxın dövlət qoşulmaq istəyir, Türkiyə və Hindistan da bu dövlətlərin içindədir. Aİİ-nin təsis edilməsi Rusiyanın təkcə siyasi ambisiyalarının itməsi ilə nəticələnmədi. Qazaxıstana külli miqdarda fayda verə bilən müqavilələr imzalandı. Qazaxıstan uran yataqlarını Rusiya ilə birlikdə istismar edəcəkdir. Şərtlər Qazaxıstanı qane edir. Eləcə də "Rosatom" və "Qazatomprom" Qazaxıstana sərfəli şərtlərlə bir neçə AES tikmək barədə müqavilə imzaladılar. A.Lukaşenko sənədin imzalanmasından bir gün qabaq "Bu, bizim gözlədiyimiz ittifaq deyil" deyə narazılığını bildirdi. Nəticədə 3,8 milyard dollar dəyərində neft sahəsində əməkdaşlıq müqaviləsini əldə etdi. N.Nazarbayev təsis iclasında mətbuatın iştirakı ilə bəyan etdi ki, Qırğızıstan Gömrük İttifaqına girməyə hazırdır, amma nəsə bir şey istəyir. O, bunu qapalı iclasda açıqlayacağını bildirdi. Sonradan bəlli oldu ki, Rusiya Qırğızıstanın inkişaf fonduna bu ölkənin Gömrük İttifaqına daxil olmasının yol xəritəsinin reallaşması üçün 1 milyard 200 milyon dollar vəsait ayırdı. Ermənistan prezidenti Serj Sarkisyan özü Ermənistanın Aİİ-yə üzv olmasını xahiş etdi. Beləliklə, V.Putinin təbirincə, 170 milyon əhalini və dünyanın enerji resurslarının 1/5-ni əhatə edən ittifaq yaradıldı".

Politoloq hesab edir ki, Avrasiya İqtisadi İttifaqı SSRİ-dən daha çox Avropanın polad və kömür birliyinə bənzəyir. 1951-ci ildə təsis edilmiş Avropanın Polad və Kömür Birliyi indiki Aİ-nin təməlini qoydu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti