...

Mübariz Əhmədoğlu: Rusiyanın Abxaziyadakı indiki siyasəti risklidir və bu risk təkcə Türkiyə ilə əlaqəli deyil

Siyasət Materials 4 İyun 2014 13:28 (UTC +04:00)
Abxaziyada rusiyapərəst müxalifət inzibati binaları, o cümlədən prezident administrasiyasının binasını ələ keçirdi.
Mübariz Əhmədoğlu: Rusiyanın Abxaziyadakı indiki siyasəti risklidir və bu risk təkcə Türkiyə ilə əlaqəli deyil

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Abxaziyada rusiyapərəst müxalifət inzibati binaları, o cümlədən prezident administrasiyasının binasını ələ keçirdi. Prezident Aleksandr Ankvab istefa verdi. Abxaziyada narazılıq həmişə olub. Lakin bu narazılıq həmişə idarəolunan həddə olub. Ən azı hakimiyyətə təzyiq göstərilib. İndi idarəedicilər müxalifətə daha çox sərbəstlik veriblər. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, Abxaziyadakı hadisələrin baş verdiyi tarix çox şeyi deyir: "Rusiya Prezidenti Vladimir Putinin Abxaziya məsələləri üzrə köməkçisi V.Surkovun Abxaziyaya səfərindən dərhal sonra bu hadisə baş verdi. Rusiya Prezidenti, eləcə də yüksək çinli Kreml rəsmilərinin Abxaziyada baş verənlərə münasibət bildirməməsi də diqqəti çəkir. Yenidən Abxaziyaya qayıtmış V.Surkov bu hadisələri Abxaziyanın daxili işi kimi qələmə verdi".

Politoloqun sözlərinə görə, Türkiyə jurnalistləri Abxaziyada səfərdə oldular: "V.Surkov vəzifəyə təyin olunduqdan sonra Abxaziyaya ayağı dəyməmişdi. Onun səfərinin Türkiyə jurnalistlərinin səfərindən sonraya düşməsi də təsadüfi hesab edilməməlidir. Ehtimalımıza görə, Abxaziyadakı müxalifətin aktivləşməsinin və uğurunun əsas səbəbi məhz Türkiyə jurnalistlərinin Abxaziyaya səfəridir".

M.Əhmədoğlu qeyd edib ki, türkiyəlilərin Abxaziyaya səfərinə Kreml hədsiz həssaslıq göstərdi. Onun fikrincə, Kremli bu məsələdə günahlandırmaq o qədər də düzgün deyil, çünki Abxaziyanı Rusiyanın təsir zonasından çıxarmaq mümkündür: "Rusiyada bəzi qruplar uzun müddət Abxaziyanı Ermənistana dəmiryolun açılması üçün Gürcüstanı güzəştə getməyə vadar etmişdilər. A.Ankvab Abxaziyanın həqiqi müstəqilliyinin tərəfdarı idi. O, Abxaziyanı Rusiyanın da tərkibinə görmək istəmirdi. Kiçik Abxaziyanın müstəqil siyasət aparmaq potensialı Rusiyada inam yaratmır. Ən azı Abxaziyanın özündəki əhalidən 2-3 dəfə çox abxazların Türkiyədə yaşaması Abxaziya məsələsində Rusiya üçün yuxuqaçırıcı faktordur".

Politoloq hesab edir ki, o da nəzərə alınmalıdır ki, hazırda ən azı 3 münaqişədə Rusiya ilə Türkiyənin maraqları toqquşur: "Dağlıq Qarabağ, Abxaziya və Krım. Rusiya bu məsələlərin hansısa birində Türkiyəyə güzəştə getməlidir. Türkiyə jurnalistlərinin Abxaziya səfəri Kreml rəsmilərinə bəlkə də Türkiyə xüsusi xidmət orqanlarının təmsilçilərinin səfəri kimi göründü. Eyni zamanda, jurnalistlərin hazırladığı materiallar yaxın gələcəkdə Türkiyədə Abxaziya ilə bağlı vəziyyəti kəskinləşdirə bilər. Bu isə çərkəz məsələsinin də aktivləşməsinə gətirib çıxaracaqdır. Nəticədə Türkiyə çərkəz məsələsini aktivləşdirməklə Rusiyanın hər üç münaqişəli regionda mövqeyini zəiflədə bilər. Məsələnin daha bir xüsusiliyi orasındadır ki, Türkiyə Rusiyanı, Rusiya da Türkiyəni itirmək istəmir. Rusiyanın Dağlıq Qarabağ və Abxaziya münaqişəsinin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki passivliyi Rusiyanın özünün əleyhinə çevrilir".

M.Əhmədoğlu qeyd edib ki, Rusiyanın Abxaziyadakı indiki siyasətinin riski təkcə Türkiyə ilə əlaqəli deyil: "Ermənilər sayca çoxdur, özlərini sayca birinci hesab edirlər. Ermənistan Abxaziya və Türkiyə siyasətlərini əlaqələndirə biliblər. Aİ Abxaziyada uzunmüddətli layihələr reallaşdırır. Abxaziyanın istefa vermiş prezidenti A.Ankvab və mərhum eks-prezident S.Baqapş möhkəm dost idilər. Hər ikisi Abxaziyanın müstəqilliyinin tərəfdarı olmaqla yanaşı, müstəqil Abxaziyanın həm də Türkiyə ilə əlaqələrinin qurulmasına çalışırdılar. Abxaziya yeni dövlət idarəçiliyi modeli taparsa və bu idarəçilikdə rus soyadlı şəxslər təmsil olunarsa, Rusiya Abxaziyanın ondan uzaqlaşmayacağına inanacaqdır. Əks-təqdirdə belə hadisələr zaman-zaman təkrarlanacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti