...

Azərbaycan və Belarus arasında regional əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb

Siyasət Materials 19 İyun 2014 17:33 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Belarus arasında regional əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, X.Xələfov XİN-lərarası məsləhətləşmələrin əhəmiyyətindən danışaraq, ölkələr arasındakı münasibətlərin hazırki vəziyyətindən məmnunluq ifadə edib, Azərbaycanla Belarus arasında iqtisadi, humanitar, təhsil, mədəniyyət və digər sahələrdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycanın hər zaman regional əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran nazir müavini bu çərçivədə aparılan çoxtərəfli və ikitərəfli dialoqların inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə qonağı məlumatlandıran X.Xələfov Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsinin, işğal etdiyi Azərbaycan ərazilərini azad etməməsinin danışıqların irəliyə aparılmasına və ümumilikdə problemin həll olunmasına imkan vermədiyini vurğulayıb.

Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində Gömrük İttifaqına qoşulması məsələsinə diqqət çəkilərək, əlaqədar prinsiplərin praktiki surətdə yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Belarus nümayəndə heyətinin başçısı A.Mixneviç, öz növbəsində, iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu dilə gətirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə edib, regional əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti