...

Fəzail Ağamalı: ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycanın dinə münasibətinin obyektiv ifadəsi deyil

Siyasət Materials 30 İyul 2014 15:47
ABŞ Dövlət Departamentinin ölkəmizdə dini təriqətlərin qeydiyyatı ilə bağlı yanaşması Azərbaycan hakimiyyətinin dinə münasibətinin obyektiv ifadəsi deyil.
Fəzail Ağamalı: ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycanın dinə münasibətinin obyektiv ifadəsi deyil

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Elçin Mehdiyev/

ABŞ Dövlət Departamentinin ölkəmizdə dini təriqətlərin qeydiyyatı ilə bağlı yanaşması Azərbaycan hakimiyyətinin dinə münasibətinin obyektiv ifadəsi deyil. Bu barədə Trend-ə millət vəkili Fəzail Ağamalı ABŞ Dövlət Departamentinin 2013-cü il üçün Beynəlxalq Dini Azadlıqlar Hesabatında Azərbaycanla bağlı fikirləri şərh edərkən deyib.

F.Ağamalı Azərbaycanda dini təşkilatların dövlət qeydiyyatından keçməsi tələbi səbəbindən qeyri-ənənəvi dini təriqətlərin qeydiyyata alına bilmədiyi vurğulanan hesabatın qeyri-obyektiv olduğunu qeyd edib: "Məsələ burasındadır ki, Azərbaycanda qeyri-ənənəvi təriqətlər pozuculuq işləri və Azərbaycanın əsrlərdən bəri formalaşmış dini-mənəvi dəyərlərinə ciddi zərbələr vurmaq kimi xoşagəlməz fəaliyyətlə məşğuldur. Bu cür qeyri-ənənəvi təriqətlər Azərbaycanda cəmiyyət tərəfindən qəbul edilmir, həm də ona görə qəbul edilmir ki, bu cür təriqətləri insanlar inanaraq qəbul etmirlər, bura pul vasitəsilə, müxtəlif maraqlarının təmin edilməsi üçün, müəyyən hədiyyələrin verilməsi yolu ilə cəlb olunurlar".

Millət vəkili bildirib ki, bu cür təriqətlərin din azadlığı ilə hər hansı bir bağlılığı yoxdur: "Azərbaycan dünyada ən tolerant, bütün dinlərin və sivilizasiyaların yüksək səviyyədə vəhdət təşkil etdiyi bir ölkədir. Dünyada bəlkə də Azərbaycan kimi nümunəvi bir ölkə tapmaq olmaz ki, burada müsəlmanlığın, xristianlığın əsas təriqətləri heç bir məhdudiyyət olmadan öz fəaliyyətini qurur və həmin icmaların rəhbərləri arasında çox yüksək əməkdaşlıq münasibətləri, bir-birinə qarşılıqlı hörmət münasibətləri mövcuddur".

F.Ağamalı əlavə edib ki, dini təşkilatların dövlət qeydiyyatından keçməsi tələbi tamamilə normaldır və təbii qarşılanmalıdır: "Azərbaycanda marağı olan ayrı-ayrı ölkələr həm də qeyri-ənənəvi dini təriqətlər vasitəsilə maraqlarını təmin etməyə cəhdlər göstərirlər. Ona görə də ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altında olan bu cür qeyri-ənənəvi dini təriqətlərin Azərbaycanda fəaliyyətini məhdudlaşdırmaq üçün bu cür addımların atılması tamamilə məntiqidir".

Millət vəkili vurğulayıb ki, Azərbaycanda əsas dinlərin və həmin dinlərin ənənəvi təriqətlərinin fəaliyyətinə hər hansı məhdudiyyət yoxdur və onların qeydiyyata alınması da tamamilə normal bir prosedurdan keçir: "Bu da təbiidir, çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da vətəndaşları bu və ya digər formada özündə birləşdirən qurumlar dövlətin nəzarətindən kənarda qalmamalıdır. Əlbəttə, qanunlar çərçivəsində dini icmaların fəaliyyətinin tamamilə araşdırılıb, öyrənilib, cəmiyyət üçün, dövlət üçün, insanlar üçün təhlükəli olmadığı qənaətinə gəldikdən sonra onlar qeydiyyata alınır, onların fəaliyyətinə normal şərait yaradılır. Buna başqa cür qiymət vermək ədalətsizlikdir. Hər hansı bir dini təriqət altında gizlənən, lakin mahiyyət etibarilə terrorçuluqla məşğul olan bir qrup hansı ölkədə qəbul edilə bilər? Ona görə də məsələnin hesabatda bu cür izahı qeyri-obyektivliyin, Azərbaycana qərəzli münasibətin və təzyiqin bir forması kimi qiymətləndirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti