Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlkin İzzət/
Bu il 11-13 sentyabr tarixində Bakıda ilk dəfə keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisində ("ADEX 2014") dünyanın 33 ölkəsindən 170-dən artıq şirkət iştirak edəcək. "ADEX 2014" sərgisinin təşkilati tərəfdaşı isə "Iteca Caspian" və "Caspian Event Organisers" (CEO) şirkətləridir.
Iteca Caspian-dan Trend-ə bildiriblər ki, milli müdafiə qüdrətimizin - müasir silah və texnikaların möhtəşəm nümayişi Müdafiə Sənayesi və Azərbaycan Respublikası Müdafiə nazirliklərinin təşəbbüsü və dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Debüt sərgi yeni qlobal nailiyyətlər və yerli istehsalın ən böyük nümayiş meydançasına çevriləcək.
Məlumata görə, sərgiyə böyük maraq göstərilir. Hazırda dünyanın 33 ölkəsindən 170-dən artıq şirkət qarşıdan gələn "ADEX 2014" sərgisində öz iştirakını təsdiq edib. Azərbaycan, Türkiyə, Belarus, Koreya, Polşa, İsrail, Ukrayna və Rusiyadan 8 milli qrup sərgidə öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Müdafiə Sənayesi Nazirliyi (MSN) və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri Azərbaycanın milli pavilyonunda öz nailiyyətləri və perspektivləri barədə danışacaqlar.
Sərgi iştirakçıları arasında dünyaca məşhur "MBDA", "Thales", "Damen Shipyards Group" şirkətlər qrupu, "Rostexnologiya" korporasiyası, "Rosoboroneksport" (Rusiya), "Denel" (Cənubi Afrika), "Norinco" (Çin), "Bell Helicopter" (ABŞ), "Flir Systems" (ABŞ), "Roketsan" (Тürkiyə), "Havelsan" (Тürkiyə), Çinin "Tochmash" Dəqiq Maşınqayırma Korporasiyası ("Precision Mechanical Engineering Corporation"), "Ukroboronprom" (Ukrayna), "Yugoimport" (Serbiya), "Paramount Group" şirkətlər qrupu (Cənubi Afrika) və digərləri yer alır. Sərginin platin sponsoru qismində bütün dünya üzrə həm hərbi-dəniz, həm də kommersiya sektorunda keyfiyyətli gəmiqayırma işlərinə görə məşhur olan "Damen Shipyards Group" çıxış edir.
Ümumiyyətlə, "ADEX" sərgisində hərbi silahlar, radar qurğuları, döyüş sursatları, hərbi təchizat, mina əleyhinə sistemlər, elektron mühafizə vasitələri, yerdə, suda və havada mühafizə sistemləri, kosmik texnologiyalar, hərbi-dəniz texnikası və silahlar, aviasiya texnikasının modernizasiyası və təmiri üzrə proqramlar, texniki kəşfiyyat vasitələri, telekommunikasiya, optik elektron cihazlar, mühəndis qurğuları, xüsusi texnika, simulyatorlar və təlim proqramları, eləcə də bir çox digər məhsullar nümayiş etdiriləcək.
Sərgi sahəsində sənaye nazirliklərinin rəhbərləri, istehsal şirkətləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" adlı konfrans isə işgüzar proqramda mərkəzi yeri tutur. Konfransın proqramına mütəxəssislər, hərbi ekspertlər, dövlət strukturları və biznes nümayəndələrinin çıxışları daxildir. Ümumilikdə, konfransda 300-dən artıq insanın iştirakı gözlənilir. Konfrans "Jumeirah Bilgah Beach Hotel" mehmanxanasında keçiriləcək.
"ADEX" sərgisi ölkənin hərbi potensialının nümayişi, biliklərin mübadiləsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ideal meydançaya çevrilməklə yanaşı, hazırkı sənayedə gələcək əməkdaşlıq üçün silah və hərbi texnikanın istehsalçı və sifarişçilərinin də diqqətini cəlb edəcəkdir.