Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Elçin Mehdiyev/
TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası avqustun 10-da Türkiyədə ölkə vətəndaşları tərəfindən birbaşa ümummilli səsvermə yolu ilə ilk dəfə keçiriləcək prezident seçkilərinin qısa müddətli monitorinqini həyata keçirmək üçün Türkiyəyə çatıb.
TÜRKPA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Məclisinin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası səfər zamanı Yüksək Seçki Şurasının sədri Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədri Haluk İpek və Türkiyə Parlamentindən olan digər TÜRKPA üzvləri, eyni zamanda Xarici İşlər Nazirinin müavini Naci Koru və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib.
Görüşlər zamanı müşahidəçilər prezident seçkilərinə hazırlıqla bağlı görülən tədbirlər və beynəlxalq səviyyədə tanınmış seçki standartlarının təmin edilməsi haqqında ətraflı məlumatlandırılıb.
Türkiyə rəsmiləri ümummilli prezident seçkilərinin ilk dəfə olaraq təşkil olunduğunu və buna görə hökumət tərəfindən bütün vətəndaşlara öz səsvermə hüququndan istifadənin təmin edilməsi üçün zəruri addımların atıldığını bildirmişlər. Misal üçün, 2014-cü ilin 31 iyul və 3 avqust tarixləri arasında xaricdə yaşayan Türkiyə vətəndaşları Türkiyənin diplomatik missiyalarında və ya Türkiyə hökuməti tərəfindən icarəyə götürülmüş məntəqələrdə səs vermişlər. Seçicilərin ümumi sayı xaricdə qeydiyyatdan keçmiş 2,7 milyon daxil olmaqla təxminən 53 milyon nəfərdir. Seçkilərin ilk turunda qalib olmadığı təqdirdə, ikinci tur avqustun 24-də keçiriləcəkdir.