...

Soçi görüşünün görünən tərəfləri

Siyasət Materials 11 Avqust 2014 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Emil Hüseynli, Trend-in Azərbaycan xəbərlər xidmətinin rəhbəri

Soçi görüşündə səslənən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllində konstruktiv mövqe nümayiş etdirir, Ermənistan isə əksinə, qeyri-konstruktiv mövqeyindən əl çəkmir.

Görüşün mətbuata açıq hissəsində verilən bəyanatlardan aydın oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində haqlı mövqeyimizi bir daha bəyan etdi. Yenə də problemin həlli ilə bağlı konkret mövqe sərgilədi. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini xatırlatdı. Dağlıq Qarabağ münaqişəsinin həddən artıq uzandığını və artıq öz həllini tələb etdiyini vurğuladı.

Azərbaycan Prezidenti bir daha qətiyyətli mövqe ortalığa qoyaraq Dağlıq Qarabağ probleminin yalnız beynəlxalq hüquq və prinsiplər çərçivəsində, ədalətli həllinin mümkünlüyünü bəyan etdi.

Əslində, Soçi görüşündə Azərbaycanın səsləndirdiyi mövqe Minsk qrupu dövlətlərinə bir mesaj idi. Mesaj idi ki, Azərbaycan işğal altında olan torpaqlarını güzəştə getmək fikrində deyil. Azərbaycanın xarici siyasəti milli mənafelər üzərində qurulub. Azərbaycan bu günə hesablanan hər hansı siyasi qərar verməz. Bu gün Azərbaycan heç bir zaman Dağlıq Qarabağı regionda gedən siyasi proseslərə qurban verməyəcək və bu mövqeyimiz haqlıdır, ədalətə söykənib.

Soçi görüşünün görünən digər tərəfi Ermənistan Prezidenti Serj Sarkisyanın iyrənc mövqeyi oldu. Görüşün formatına uyğun gəlməyən ifadələr işlətməsi, Dağlıq Qarabağ probleminin həlli məsələsinə aidiyyəti olmayan fikirlər səsləndirməsi bir daha onu göstərdi ki, Serj Sarkisyanın nə mənəviyyatında, nə siyasi savadında irəliləyiş var. Onun siyasi savadı elə ötən əsrin 90-cı illərində olduğu kimi qalıb.

Onu da qeyd etmək lazımdır ki, Soçi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələrinin aranı qatması və nəticədə bir şəhid verməyimiz Serj Sarkisyanın hansı mövqedə olduğununın göstəricisi idi.

Əslində, Soçi görüşü Serj Sakisyan hakimiyyəti üzərinə böyük məsuliyyət qoydu. O məsuliyyət ki, sabah Azərbaycan öz torpaqlarını işğalçılardan azad etməyə başlasa, tökülən qanların məsuliyyəti onun üzərində olacaq. İqtisadi böhran içində üzən Ermənistanı sabah siyasi böhran da gözləyir. Bu gün uşaq hərəkətləri ilə yadda qalan Serj Sarkisyan xalqını daha faciəvi günlərə daşıyır.

Görüşün görünən digər tərəfi isə o oldu ki, Rusiya Prezidenti Vladimir Putinin müzakirələr zamanı sərgilədiyi mövqe Rusiyanın Dağlıq Qarabağ probleminin həllində maraqlı olmasını göstərdi. Ermənistanın Azərbaycanla müqayisədə Rusiyaya daha yaxın olmasına baxmayaraq, Putin açıqlamasında bitərəf mövqe nümayiş etdirdi. Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək üçün Azərbaycanın və Ermənistanın xoş məramı olduğunu bəyan etdi. Vladimir Putin istənilən mürəkkəb vəziyyətin həllinin mümkünlüyünü söyləməklə tərəfləri yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin həlli üçün ortaq məxrəcə gəlməyə çağırdı. Görünən budur ki, Putin Dağlıq Qarabağ probleminin həllində təşəbbüsü əlinə almaq istəyindədir.

Bu sadaladıqlarım Soçi görüşünün görünən tərəfləri idi. Görünməyən tərəflərinin nəticələri isə bir müddətdən sonra bəlli olacaq. Serj Sarkisyanın nə dərəcədə səmimi, nə dərəcədə problemin beynəlxalq hüquq və prinsiplər çərçivəsində həllində maraqlı olduğu və digər bu kimi suallara yaxın günlərdə cavab tapılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti