Azərbaycan, Bakı, 26 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni 65 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə qeyd olunur: "Hörmətli Şeyx həzrətləri! Sizi - tanınmış din xadimini 65 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz Azərbaycan xalqının milli-mədəni zənginliklərinin, mənəvi-əxlaqi sərvətlərinin qorunub saxlanması və ənənəvi dini dəyərlərə sadiqliyinin təmin olunması istiqamətində uzun illərdən bəri uğurla fəaliyyət göstərirsiniz. Sizin iştirakınızla müstəqillik illərində müqəddəs kitabımız Quranın tərcüməsinin nəşrə hazırlanması xalqımızın dini maariflənməsinə misilsiz ərməğandır. Ölkəmizdə gənc nəslin İslam adət-ənənələri ruhunda formalaşması işində gərgin əməyiniz təqdirəlayiqdir.
Siz İslam dünyasında dinə dair sanballı araşdırmalarınızla ilahiyyatçı alim kimi yüksək nüfuza maliksiniz. Beynəlxalq konfranslardakı çıxışlarınız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və İslam dünyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlmişdir.
Xalqımızın həyatının çətin və mürəkkəb anlarında baş vermis taleyüklü hadisələrlə bağlı nümayiş etdirdiyiniz əsil vətəndaş münasibəti Sizə böyük hörmət qazandırmışdır. Qanlı Yanvar hadisələri zamanı tutduğunuz mövqe şəxsiyyətinizin bütövlüyünü təzahür etdirir.
Siz müxtəlif dinlərin nümayəndələri ilə qarşılıqlı səmərəli əlaqələr qurmaqla dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına bu gün də töhfələr verirsiniz. Ölkəmizin dünyada tolerantlığın unikal məkanı olaraq şöhrət tapması və dinlərarası əməkdaşlığın yeni modelinin bərqərar olması üçün səylərinizi əsirgəmirsiniz.
Ümidvaram ki, bundan sonra da Azərbaycan xalqına layiqincə xidmət göstərəcəksiniz".