...

“Əsrin Müqaviləsi”nin imzalanmasının 20 illiyi Vaşinqtonda qeyd olunub (FOTO)

Siyasət Materials 18 Sentyabr 2014 05:02 (UTC +04:00)
Müstəqil Azərbaycanın təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli enerji siyasətinin başlanğıc nöqtəsi kimi qəbul edilən 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin Müqaviləsi” eyni zamanda Azərbaycanın iştirakı ilə regional və beynəlxalq miqyasda uğurlu əməkdaşlıq və tərəfdaşlığın bir tərənnümünə çevrilmişdir.
“Əsrin Müqaviləsi”nin imzalanmasının 20 illiyi Vaşinqtonda qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Müstəqil Azərbaycanın təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli enerji siyasətinin başlanğıc nöqtəsi kimi qəbul edilən 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin Müqaviləsi" eyni zamanda Azərbaycanın iştirakı ilə regional və beynəlxalq miqyasda uğurlu əməkdaşlıq və tərəfdaşlığın bir tərənnümünə çevrilmişdir.

Dövrün mürəkkəb şərtlərinə baxmayaraq, Azərbaycanın gələcəyinə inam nümayiş etdirmiş tərəfdaş dövlətlərin dəstəyi və nüfuzlu enerji şirkətlərinin iştirakı ilə Bakıda imzalanmış bu tarixi saziş 20 il sonra belə öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Sazişin imzalanmasının 20 illiyi ərəfəsində onun qazandığı zəfəri və bu zəfəri təmin etmiş beynəlxalq tərəfdaşlığı qeyd etmək məqsədilə Vaşinqtonun ən möhtəşəm mədəniyyət ocağı olan Kennedi Mərkəzində tədbir keçirilmişdir.

Azərbaycanın ABŞ-dakı Səfirliyi, "BP" şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutmuş bu tədbirdə Obama Administrasiyası təmsilçiləri, o cümlədən, ABŞ Dövlət Departamenti və Enerji Departamentinin yüksək rütbəli rəsmiləri, bir sıra Konqres üzvləri, Vaşinqtondakı diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbirin açılış bölümündə çıxış etmiş natiqlər ardıcıl olaraq, "Əsrin Müqaviləsi"nin tarixi əhəmiyyəti, onun uğurlu icrası və yol açdığı digər əməkdaşlıq layihələri barədə danışmış və əldə olunmuş nailiyyətləri təqdir etmişlər. Səfir Elin Süleymanov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin qətiyyətli rəhbərliyi altında "Əsrin Müqaviləsi"nin imzalanması ilə Xəzər regionunun enerji ehtiyatlarının beynəlxalq bazara çıxış qazanması istiqamətində mühüm addım atıldığını vurğulamış və bu istiqamətdə növbəti tarixi bir hadisənin qarşıdan gələn günlərdə, sentyabrın 20-da Bakıda keçiriləcək "Əsrin Müqaviləsi"nin 20 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş verəcəyini bəyan etmişdir. O, həmin gün Bakıda Cənub Qaz Dəhlizinin təməlatma mərasiminin keçiriləcəyini və bu əlamətdar hadisənin bütün region və iştirakçı dövlətlər üçün yeni bir eranın başlanğıcı olacağına inamına ifadə etmişdir. ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, sabiq konqresmen Bil Delahant (Bill Delahunt) və icraçı direktoru Süsən Sadıqova "Əsrin Müqaviləsi" və onun Azərbaycan və regionumuzun inkişafına verdiyi töhfə barədə danışmışlar.

Tədbirdə çıxış etmiş ABŞ Konqresinin üzvləri Cim Moran (Jim Moran), Ruben Hinoyoza (Ruben Hinojosa), Andre Karson (Andre Carson), Henri Kuellar (Henry Cuellar) və Donald Peyn (Donald Payne) ilk növbədə ABŞ-Azərbaycan münasibətlərinin inkişafına dəstəklərini səsləndirmiş, ölkəmizin regionda tutduğu lider rolu qeyd etmiş və Azərbaycan xalqını "Əsrin Müqaviləsi" nəticəsində əldə olunmuş uğura görə təbrik etmişlər. İlk dəfə Azərbaycana 20 il öncə, "Əsrin Müqaviləsi"nin imzalanmasından əvvəl səfər etdiyini deyən Cim Moran bu müddət ərzində ölkəmizin inanılmaz bir inkişaf yolu keçdiyini deyərək, hər kəsi Azərbaycana səfər etməyə çağırmışdır. Ruben Hinoyoza Azərbaycan Respublikası Prezidentinin "qara qızılı insan qızılına" çevirmək devizi altında həyata keçirilən fəaliyyətləri təqdir etmişdir. Andre Karson Azərbaycanın Avropanın enerji təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Bundan əlavə, Pit Qaleqo (Pete Gallego), Mayk Fitçpatrik (Mike Fitzpatrick) və Stiv Stokman (Steve Stockman) kimi konqresmenlər tədbirə qatılmaqla, Azərbaycana öz dəstəklərini nümayiş etdirmişlər.

Tədbirin təşkilatçılarından biri "BP" şirkətinin nümayəndəsi, Cənub Qaz Dəhlizinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə vitse-prezidenti Co Mörfi (Joe Murphy) və eləcə də Trans-Adriatik qaz kəmərinin (TAP) xarici işlər üzrə direktoru Maykl Hofman (Michael Hoffman) vaxtilə "Əsrin Müqaviləsi" haqqında səsləndirilmiş pessimist proqnozlara baxmayaraq, onun uğurla icra edildiyini bildirmiş və qarşıdan gələn günlərdə təməli atılacaq Cənub Qaz Dəhlizinin də eyni uğur qazancağına inamlarını bəyan etmişlər.

ABŞ Administrasiyası adından çıxış etmiş Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Amos Hokştayn (Amos J Hochstein), Enerji nazirinin köməkçisi Conatan Elkaynd (Jonathan Elkind) və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin (Eric Rubin) öz növbələrində "Əsrin Müqaviləsi"nin bağlanması və həyata keçirilməsinə ABŞ-ın verdiyi həlledici və davamlı dəstəyi xatırlatmış və bu layihənin ABŞ və Azərbaycan arasında möhkəm əməkdaşlığa dəlalət etdiyini göstərmişlər. "Əsrin Müqaviləsi"nin imzalanmasının 20 illiyi ilə münasibətilə Bakıda keçiriləcək tədbirə qatılacaq Amos Hokştayn və 20 il öncə Bakıda tarixi mərasimin iştirakçısı olmuş Conatan Elkaynd Cənub Qaz Dəhlizi layihəsinin geniş perspektivlərini qeyd etmişlər. Erik Rubin isə öz növbəsində ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti vurğulayaraq, bu münasibətlərin konstruktiv tərəfdaşlıq və qarşılıqlı hörmət, anlaşma və dəstək üzərində qurulduğunu bəyan etmişdir.

Tədbir daha sonra Azərbaycanın istedadlı caz pianoçusu Emil Əfrasiyabın səsləndirdiyi musiqi nömrələri və "İpək Yolu" rəqs qrupunun ifa etdiyi Azərbaycan milli rəqsləri ilə davam etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti