Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
Azərbaycan və Türkiyə Respublikası prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokurorunun müavini Mehmet Ekmekçinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də ölkəmizə səfərə gəlmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti sentyabrın 18-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda olmuşlar. Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət", Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir" kəlamları ilə dəqiq ifadə edildiyi, hər iki ölkə prezidentlərinin siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyi xüsusi olaraq vurğulanmışdır.
Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin rəhbəri Türkiyə Ali Məhkəməsi Baş prokurorunun müavini cənab Mehmet Ekmekçi təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirmişdir. O, iki ölkə arasında mövcud olan iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi vurğulamışdır.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış oldular. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən ekspozisiyalar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar onlarda xüsusi təəssürat oyatmışdır.
Səfər zamanı qonaqlar, həmçinin milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasına gələrək beynəlxalq tədbirlərin, mətbuat konfranslarının keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalları, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilmiş, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş "Qaynar xətt" əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə tanış oldular.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev idarənin fəaliyyəti barədə qonaqlara geniş məlumat vermişdir. Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model oldugu görüşdə xüsusi vurgulanmışdır. Nümayəndə heyətinin rəhbəri Azərbaycanda son illər baş verən müsbət dəyişiliklərdən məmnunlugunu bildirib və bu sahədə əməkdaşlıq üçün bütün imkanların oldugunu söyləyib.
İdarənin fəaliyyəti qonaqlarda zəngin təəssürat yaratmışdır.
Daha sonra qonaqlar 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə gələrək mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olmuşlar. Dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasına, şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının istisna olunmasına, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqinə, dövlət məmuru-vətəndaş təmas nöqtələrinin minimuma endirilməsinə istiqamətlənmiş mərkəzlərin fəaliyyəti təqdirəlayiq hesab edilmiş, belə bir qurumun digər ölkələr üçün nümunə olması bildirilmişdir.