...

Əhməd Davudoğlu: Ermənistanın işğalçılıq siyasəti onun Qafqazdakı iqtisadi layihələrdən kənarda qalmasına səbəb olur

Siyasət Materials 19 Sentyabr 2014 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənistanın işğalçılıq siyasəti onun Qafqazdakı iqtisadi layihələrdən kənarda qalmasına səbəb olur. Trend-in "TRT-Haber"ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında bildirib.

Ə.Davudoğlu xatırladıb ki, Azərbaycan və Türkiyə hazırda bir sıra ortaq layihələr həyata keçirib: "Bu gün dünyanın bir çox ölkəsində qeyri-stabil siyasi vəziyyətin, iqtisadi sıxıntıların olmasına baxmayaraq, son 12 ildə Türkiyə və Azərbaycanda inkişafın şahidi oluruq və hər iki dövlət iqtisadi baxımdan föqəladə layihələrə imza atıb".

Baş nazirin sözlərinə görə, bu gün həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi -Qars dəmir yolu və TANAP regionun ən böyük layihələrindəndir: "Azərbaycan və Türkiyənin ortaq iqtisadi layihələri sadəcə iki dövlətə deyil, eyni zamanda, bütün regiona töhfə verə bilən layihələrdir".

Ə.Davudoğlu deyib ki, Azərbaycan və Türkiyə hazırkı təxminən 5 milyard dollarlıq ticarət dövriyyəsini 2023-cü ilə qədər 15 milyard dollara çatdırmaq niyyətindədir, bütün bunlarla yanaşı, qarşılıqlı investisiyaların da artırılması hədəflənir.

Baş nazir qeyd edib ki, tərəflər müdafiə sənayesi sahəsində də bir çox ortaq layihə həyata keçirmək niyyətindədir. Onun sözlərinə görə, əgər Azərbaycanda xalqın gələcəyini düşünən güclü lider olmasaydı, güclü Türkiyə olmasaydı, Heydər Əliyevin "bir millət, iki dövlət" ideyası sadəcə qəlblərimizdə qalardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti