...

Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsi 24 saat fəaliyyət göstərə bilər

Siyasət Materials 24 Oktyabr 2014 17:58 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qurbanəli Səadəti qəbul edib.
Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsi 24 saat fəaliyyət göstərə bilər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qurbanəli Səadəti qəbul edib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Görüşdə V.Talıbov bildirib ki, Naxçıvan MR xalqı və rəhbər şəxsləri İranın Qərbi Azərbaycan əyaləti ilə əlaqələrin inkişaf etməsində maraqlıdır: "Qərbi Azərbaycan və Naxçıvan MR arasında əlaqələrin inkişafının təməli 1993-cü ildə mərhum Prezident Heydər Əliyevin Urmiya səfərində qoyuldu və bundan sonra daha da inkişaf etdirildi".

Onun sözlərinə görə, Naxçıvan MR İran və Azərbaycan arasında da əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: "2013-cü ildə Naxçıvandan İranın Qərbi Azərbaycan əyalətinə 135 min nəfər səfər edib. Cari ildə isə bu rəqəm indiyədək 70 min nəfər təşkil edir".

Ali Məclisinin sədri deyib ki, Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsi vasitəsilə Naxçıvan MR və Qərbi Azərbaycan əyaləti arasında ticarət mübadiləsi 2013-cü ildə 9 milyon dollar, cari ildə isə bu rəqəm indiyədək 5 milyon dollar olub.

V.Talıbov Muxtar Respublika və İranın Qərbi Azərbaycan əyaləti arasında kənd təsərrüfatı, tibb, elm və sənaye sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.

O bildirib ki, Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsinin 24 saat fəaliyyət göstərməsi üçün müzakirələr aparılır: "Bu məntəqə 24 saat fəaliyyət göstərsə, ikitərəfli ticarət əlaqələri daha da inkişaf edəcək".

Qərbi Azərbaycan əyalətinin başçısı Q.Səadət iki ölkə arasında Naxçıvan ərazisində şəkər çuğundurunun emalı üzrə müqavilənin olduğunu və indiyədək icra olunmadığını deyib: "Ümid edirəm ki, tezliklə mövcud problemlər öz həllini tapacaq və bu razılaşma icra olunacaq".

Q.Səadət İranın Qərbi Azərbaycan əyalətinin və Naxçıvan MR-in istehsal etdiyi məhsulların tanıdılması məqsədi ilə müştərək sərginin təşkilni təklif edib və deyib ki, bu sərgidə hər iki tərəfin elm, ticarət, sənaye və iqtisadiyyat sahələrində nailiyyətlərini tanıtmaq və əlaqələri inkişaf etdirmək imkanı yaranacaq.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan əyalətinin başçısı oktyabrın 23-dən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti