Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Partiya rəhbərliyini işğal etmiş Hacılı dəstəsinin antidemokratik hərəkətləri, plüralizm, azad fikir qarşısında acizliyi göz önündədir". Bunu Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya üzvü Kamil Xəlilbəylinin partiya sıralarından xaric edilməsinə münasibət bildirərkən deyib.
S.Əlisoy qeyd edib ki, K.Xəlilbəyli Türkiyədə universitet bitirmiş, savadlı, qabiliyyətli bir gəncdir: "Kamil Xəlilbəyli ona görə cəzalanıb ki, o, Arif Hacılını və onun idarə üsulunu birmənalı olaraq qəbul etmir. Təkcə Müsavat Partiyasının nizamnaməsində yox, demokratik ölkələrin konstitusiyalarında, partiyalarının nizamnamələrində göstərilir ki, fikir azadlığına, plüralizmə görə heç kimə partiya cəzası verilə bilməz. Partiya üzvünə o halda cəza verilə bilər ki, o, partiyanın qərarlarının ziddinə gedir. Ancaq sosial şəbəkələrdə yazışmalara görə kimisə partiyadan xaric etmək antidemokratik addımdır".
Onun sözlərinə görə, Kamil Xəlilbəyli ilə Arif Hacılının tərəfdarı olan bir xanım müəyyən məsələyə münasibət bildirərkən söz qovğası ortaya çıxıb və tənqidə çevrilib, bir-birilərini qarşılıqlı təhqir edirlər: "Buna görə Kamil Xəlilbəyli partiyadan xaric edilib. Birincisi, şəxsi yazışmalar heç açılmamalıdır. Bunun nə anlamı var ki, şəxsi yazışmalara görə adamlar partiya cəzası alırlar? Bunları çağırıb məzəmmət etmək olar, xəbərdarlıq etmək olar, Müsavat Partiyasının saxta rəhbərliyi isə sanki proletariat diktaturası qurublar, eynən 17-ci ildə Leninin proletariat diktaturası qurduğu kimi. Yəni bunlar demokratiyanı, fikir azadlığını, plüralizmi yaxına buraxmırlar. Ən qəribəsi odur ki, bunlar bu zehniyyətlə Azərbaycanda demokratiya uğrunda mübarizə aparırlar, iqtidarı tənqid edirlər. Sən hansı haqq ilə iqtidarı tənqid edə bilərsən? Sən öz içində demokratiyanı qura bilmirsənsə, başqa birindən necə demokratiya tələb edə bilərsən? Bunlar Müavat Partiyasını proletariat diktaturası təfəkkürü ilə idarə edirlər. Məsələ qaldırırlar ki, filankəs niyə harada işləyir, filankəsin niyə maşını var, filankəs niyə yaxşı paltar geyinir".
S.Əlisoy qeyd edib ki, bu, çox biabırçı durumdur, haqq-ədaləti deyən adamları "hakimiyyətin burada barmağı var" kimi saxta, gülünc söhbətlərlə ittiham edirlər: "Burada heç bir "hakimiyyət barmağından" söhbət gedə bilməz. Çünki bu partiyanı bu günə qoyan elə saxtakarların özləridir. Bu zehniyyətlə hara gedirlər, özləri bilər. Məni və Əlövsət Talışxanlını da Divana dəvət ediblər. Mən də bəyan etmişəm ki, mən Divanı tanımıram və ora getməyəcəyəm. Özləri nə qərar verirlər versinlər. Ancaq bu, mənim heç də Müsavat Partiyasından çıxmağım demək deyil, Hacılı çətəsinə qarşı mübarizəni davam etdirəcəyik və bizim hədəfimiz növbədənkənar qurultay keçirməkdir".
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edir. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıb.