...

"Şükürlər olsun ki, SSRİ dağıldı və əlaqələr inkişaf etdi"

Siyasət Materials 25 Noyabr 2014 15:30 (UTC +04:00)
"İran-Azərbaycan əlaqələri qədim zamanlardan mövcuddur, biz bu əlaqələri yaxşı qiymətləndiririk və ölkələrimiz arasındakı əlaqələrdə heç bir maneə yoxdur".
"Şükürlər olsun ki, SSRİ dağıldı və əlaqələr inkişaf etdi"

İran, Urmiya, 25 noyabr /Trend, xüsusi müxbir Təmkin Cəfərov/

"İran-Azərbaycan əlaqələri qədim zamanlardan mövcuddur, biz bu əlaqələri yaxşı qiymətləndiririk və ölkələrimiz arasındakı əlaqələrdə heç bir maneə yoxdur". Trend-in məlumatına görə, bu sözləri İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qurbanəli Səadət İslam Respublikasında səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

Q.Səadət bildirib ki, Sovet İttifaqı vaxtında sərhədçilər adətən ruslar idi, sərhədlərdə tikanlı məftillər var idi, lakin Naxçıvanda yaşayanlar özlərini Araz çayına atıb bu tərəfə keçirdilər: "Bu, iki xalqın bir-birinə olan məhəbbətinin göstəricisidir. 70 il Sovet hakimiyyəti, tikanlı məftillər iki xalqın bir-birinə olan məhəbbətini ürəklərdən silə bilmədi. Şükürlər olsun ki, SSRİ dağıldı və bundan sonra əlaqələr inkişaf etdi. Ümid edirik ki, İran və Azərbaycan rəhbərliyinin iradəsi ilə iki dost, qonşu, tarixi və dini köklərə malik iki xalqın münasibətləri daha da inkişaf edəcək".

Mövcud problemlərin Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərindən sonra aradan qaldırıldığını deyən əyalət başçısı İran vətəndaşları üçün viza rejiminin ləğv edilməsini istəyib: "İki qonşu ölkənin əlaqələri hər nə qədər çox olsa, onlar bir-birinin dərdinə bir o qədər şərik olarlar. Gediş-gəliş olmasa, qonşuluq olmasa, qonşular bir-birinin problemlərindən xəbərdar olmasa, əlaqələr inkişaf etməz. Ümid edirik ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdiyi kimi, Azərbaycan da İran vətəndaşları ilə bağlı viza rejimini ləğv edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti