...

"Eurasia Daily Monitor": İranla əlaqələrin yaxşılaşması Bakının daxili və xarici siyasəti üçün vacibdir

Siyasət Materials 5 Dekabr 2014 16:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 16-da İrana səfərindən və noyabrda İran Prezidenti Həsən Ruhaninin Azərbaycana cavab səfərindən sonra iki ölkə arasında əlaqələr xeyli yaxşılaşıb.
"Eurasia Daily Monitor": İranla əlaqələrin yaxşılaşması Bakının daxili və xarici siyasəti üçün vacibdir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 16-da İrana səfərindən və noyabrda İran Prezidenti Həsən Ruhaninin Azərbaycana cavab səfərindən sonra iki ölkə arasında əlaqələr xeyli yaxşılaşıb. Trend-in məlumatına görə, bu barədə Orxan Qafarlının "Eurasia Daily Monitor"dakı məqaləsində deyilir.

"Jamestown" saytında yerləşdirilən məqalədə qeyd edilir ki, bu ilin noyabrında H.Ruhaninin Azərbaycana səfəri zamanı onu köməkçiləri, neft, xarici işlər, yol və şəhərsalma, rabitə və informasiya texnologiyaları və iqtisadiyyat nazirləri, eləcə də Mərkəzi Bankın sədri müşayiət edib.

H.Ruhani prezident seçildikdən sonra İlham Əliyevlə Davos, Tehran, Həştərxan və Bakıda görüşüb.

Məqalə müəllifi yazır ki, bu görüşlər iki ölkə əlaqələrinin yaxşılaşması işində vacib addımlar oldu: "Ruhani qeyd edib ki, iki ölkənin bütün sahələrdə əlaqələrinin inkişafının tərəfdarıdır. Ölkələr arasında hələ həll edilməmiş məsələlər (xüsusilə də Xəzərin statusu ilə bağlı məsələ) qalsa da, Azərbaycan Prezidenti ilə görüşlər Həsən Ruhanini inandırdı ki, iki ölkə arasında dialoq müsbət məcrada davam etdiriləcək".

O.Qafarlı Tehran və Bakı arasında əlaqələrin yaxşılaşmasına kömək göstərilməsi işində Türkiyənin vacib rolunu qeyd edir: "Ankara bu əlaqələrin yaxşılaşması üçün üçtərəfli diplomatik dialoqun yaradılmasında müstəsna rol oynayıb. Üçtərəfli formatda ilk belə görüş 2011-ci il aprelin 16-da Urmiyada keçirilib, ikincisi isə 2012-ci il martın 7-də Naxçıvanda baş tutub. Görüşlərdə ölkələr arasında həll edilməmiş məsələlər müzakirə olunub. Sonuncu üçtərəfli görüş isə 2014-cü il martın 14-də Vanda təşkil edilib".

Onun sözlərinə görə, SSRİ-nin dağılması və Dağlıq Qarabağ münaqişəsinin başlaması region ölkələrini iki qrupa ayırıb: "Birinci qrupa Rusiya, İran və Ermənistan, ikinci qrupa isə Türkiyə, Azərbaycan və Gürcüstan daxil olub. Birinci qrup çox vaxt antiqərb koalisiyası qismində nəzərdən keçirilir. İkinci qrupa gəlincə, Qərb Xəzər neft və qazının Avropaya ixracı üzrə alternativ dəhlizin yaradılması üçün onlar arasında sıx əməkdaşlığın qurulmasına xidmət edib".

Müəllif vurğulayır ki, Cənubi Qafqazda geosiyasi nüfuz uğrunda onillik mübarizə ərzində Azərbaycan-İran əlaqələrində ən çətin dövr İranda Mahmud Əhmədinejadın prezidentliyi müddətinə təsadüf edib: "İkitərəfli əlaqələrin yaxşılaşmasına doğru son tendensiyalar Bakının daxili və xarici siyasəti üçün vacibdir".

O.Qafarlı bildirib: "Azərbaycan İranla əlaqələrin normallaşmasını öz maraqlarına uyğun istifadə etmək niyyətindədir. Bununla da Azərbaycan İran-Ermənistan əlaqələrinin bundan sonra möhkəmlənməsinin qarşısını almağa çalışır. İran Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan və Türkiyənin iqtisadi blokada şəraitinə saldığı Ermənistanı dəstəkləməyə davam edir".

Müəllifin fikrincə, Azərbaycan İranla əlaqələri yaxşılaşdırmaqla Tehranın ölkə daxilində dəstəklədiyi radikal islamçıların fəaliyyətinə son qoymaq niyyətindədir: "Həmin radikal islamçılar Azərbaycanın dünyəvi dövlət olmasının əleyhinə çıxış edirlər. İran Azərbaycanla əlaqələrin gərgin olduğu dövrdə ölkədəki sabitliyə təsir etməyə çalışırdı. İki ölkə arasında həll olunmamış məsələlərə baxmayaraq, onlar əlaqələri yaxşılaşdırmağa davam edəcəklər, çünki Tehranın yaxın vaxtlarda Cənubi Qafqazda siyasətini dəyişəcəyi şübhə doğurur. Məsələ Bakı-Tehran əlaqalərinə birbaşa təsir edən ABŞ-ın İranla münasibətlərinin yaxşılaşıb-yaxşılaşmayacağındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti