...

Elmar Məmmədyarov: ATƏT DTİHB-nin qərəzli fəaliyyəti təəssüf doğurur

Siyasət Materials 8 Aprel 2015 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Georg Linki qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov ATƏT DTİHB-nin 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində qərəzli fəaliyyətinin ciddi təəssüf doğurduğunu diqqətə çatdırıb. Sözügedən seçkilərdə Büronun müşahidəçilərinin qərəzli və qeyri-obyektiv davranışları ilə fərqləndiklərini deyərək, bu təsisatın müəyyən dairələrin əlində siyasi alətə çevrilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

E.Məmmədyarov yeni təyin olunmuş direktorun rəhbərliyi altında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun daha müstəqil təsisat olacağına və üzv dövlətlərin ona bəslədiyi etimadı doğruldacağına inandığını qeyd edib.

M.G.Link Azərbaycana səfəri müddətində məhsuldar görüşlər keçirdiyini qeyd edərək, səsləndirilən məqamların ciddi surətdə nəzərə alındığını və təşkilatın Azərbaycanla institusional səviyyədə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti