Azərbaycan, Bakı, 17 aprel /Trend/
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Küveyt Dövlətinin vəqflər və İslam işləri nazirinin müavini (1992-ci ildən), Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlahı qəbul edib.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri M.Qurbanlı qonağı salamlayaraq onu yenidən Azərbaycanda görməyindən məmnun olduğunu bildirib. A.Abdulla Əl-Fəlahın Azərbaycanın dostu olaraq ölkəmiz üçün böyük işlər gördüyünü vurğulayan M.Qurbanlı qeyd edib ki, Küveyt xalqı ilə Azərbaycan xalqını birləşdirən ortaq dəyərlər var. Hər iki dövlət İslam dünyasının bir parçasıdır.
Komitə sədri bildirib ki, Azərbaycan Küveyt dövlətinin və xalqının dəstəyini daim hiss edib. İstər beynəlxalq təşkilatlarda, istərsə də qaçqın və köçkün vətəndaşlarımıza Küveyt Vəqfinin göstərdiyi yardımlar xalqımız və dövlətimiz tərəfindən hər zaman minnətdarlıqla xatırlanır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən A.Abdulla Əl-Fəlah qeyd edib ki, artıq iyirmi ildir Azərbaycanla tanışdır və buranı özünün ikinci vətəni hesab edir. Dost ölkə olaraq Küveytin hər zaman Azərbaycanın mənafeyini müdafiə etdiyini vurğulayan qonaq ölkəmizlə bağlı gördüyü işlərdən də danışıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həm 20 Yanvar faciəsi, həm də Xocalı soyqırımı ilə bağlı kitablar nəşr etdiklərini bildirən A.Abdulla Əl-Fəlah 26 fevral tarixində Küveytin bütün məscidlərində Xocalı soyqırımından danışıldığını və faciə qurbanlarının ruhuna dualar oxunduğunu deyib.
M.Qurbanlı bildirib ki, Küveytlə Azərbaycan arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Azərbaycan Prezidentinin ərəb ölkələri ilə münasibətində özünəməxsusluq var və bu günlərdə həyata keçirilən Ümrə ziyarəti buna əyani sübutdur. O, Dövlət Komitəsinin Küveyt dövlətinin Vəqflər və İslam İşləri Nazirliyi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayaraq, gələcəkdə bir sıra layihələr həyata keçirməyin mümkün olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda A.Abdulla Əl-Fəlah Mübariz Qurbanlını Küveytə rəsmi səfərə dəvət edib.