...

ABŞ-ın Nevada ştatından Azərbaycana güclü dəstək (FOTO,VİDEO)

Siyasət Materials 29 Aprel 2015 10:09 (UTC +04:00)
ABŞ-ın Nevada ştatının Parlamenti aprelin 28-də keçirilən plenar iclasında Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib.
ABŞ-ın Nevada ştatından Azərbaycana güclü dəstək (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

ABŞ-ın Nevada ştatının Parlamenti aprelin 28-də keçirilən plenar iclasında Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə daxil olan məlumata görə, qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul qanunvericilərə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.

Parlamentin spikeri Con Hambrik tərəfindən imzalanan qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün öıkəmizin ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində sıx əməkdaşlıq edir. Bildirilir ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-a hərtərəfli yardım göstərib, sülhməramlı qüvvələrini Əfqanıstana göndərib. Vurğulanır ki, 2001-ci ildən bu günədək hər il Əfqanıstanda yerləşən ABŞ qoşunlarının təchizatının 40%-i Azərbaycan vasitəsilə daşınır.

Sənəddə bildirilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək Cənub Enerji Dəhlizinin ən önəmli bəndi olaraq qalmaqdadır.

Qətnamədə qeyd olunur ki, əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc şəraitdə yaşayırlar.

Bildirilir ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə və ABŞ-ın Güney Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib.

Sonda qeyd olunur ki, ABŞ Azərbaycan kimi müttəfiqlərinin müstəqiliiyini bundan sonra da dəstəkləməli və onlarla münasibətlərini daha da gücləndirməlidir.

Bu, Nevada Parlamenti tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti