Azərbaycan, Bakı, 16 iyun /Trend/
Almaniyanın "Berlinertageszeitung" qəzetində Almaniya mediasının ilk Avropa Oyunları üzərindən Azərbaycana qarşı hücumları tənqid olunub.
Trend-in məlumatına görə, məqalədə bildirilir ki, son həftələr Almaniya KİV-lərində qitə tarixində ilk böyük idman hadisəsi olan Avropa Oyunlarının keçirildiyi Azərbaycan haqqında mənfi məqalələrin sayı artıb: "Təəssüf ki, bu, Almaniya mediasının tənqidindən çox, Azərbaycan haqqında qarayaxma kampaniyasıdır. Halbuki Azərbaycana qarşı insan haqları haqqında ittihamların irəli sürülməsinə heç bir səbəb yoxdur. Azərbaycan Respublikası 12-28 iyun tarixini əhatə edəcək ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə bütün xarici jurnalistləri obyektiv şəkildə akkreditasiyadan keçirib. Bu, alman jurnalistlərə də aiddir".
Məqalədə Azərbaycana qarşı söz azadlığı ilə bağlı ittihamların da yanlış olduğu qeyd olunur: "Söz və informasiya azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Ölkədə çoxsaylı radio və televiziya ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində çap olunan yüzlərlə qəzet, həmçinin 50-dən çox xəbər agentliyi fəaliyyət göstərir. Bununla yanaşı, müxalifət qəzetləri olan "Yeni Müsavat" və "Azadlıq" gündəlik olaraq ən böyük tirajla çap olunurlar. Əhalinin 70 faizi internet istifadəçisidir. İnternet resurslarına heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşmaq azadlığı təmin olunur. Azərbaycanda hər hansı icazəsiz nümayişlər dinc və insidentsiz baş tutur".
Qəzet qeyd edir ki, Azərbaycanda heç bir şəxs jurnalistlik, yaxud siyasi fəaliyyətinə görə həbs olunmayıb.
"Berlinertageszeitung" yazır: "Azərbaycan Qərb demokratiyasında olduğu kimi, jurnalistlərə qanunvericiliyə əsasən toxunulmazlıq statusu verib. Bəzi bloqer və jurnalistlərin iddia etdiyinin əksinə olaraq, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da hər hansı cinayət əməli cəzasız qalmır".
Məqalədə Azərbaycanın iqtisadi inkişafı da qeyd olunur: "Azərbaycan hökuməti əhalinin iqtisadi imkanlardan yararlanmasını yüksək dərəcədə təmin edir. Bu, neft və qaz hasilatından əldə olunan gəlirlərin bölüşdürülməsində də öz əksini tapıb. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan dünyada iqtisadi rəqabət qabiliyyətliliyinə görə 40-cı pillədə qərarlaşıb. Bu ölkədə keçirilən I Avropa Oyunlarının siyasiləşdirilməsi doğru deyil".
Məqalənin mətni: http://www.berlinertageszeitung.de/index.php/politik/46-nachrichten-aus-der-politik/3075-europa-spiele-in-aserbaidschan-deutsche-gazetten.html