Azərbaycan, Bakı, 25 iyun /Trend/
Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqı Komissiyasının baş katibi Jan Mfasoni ilə görüş keçirib.
Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir E.Abdullayev Azərbaycanın regionda lider ölkə olması, Azərbaycanın uğurları, ölkəmizin dəstəyi ilə həyata keçirilən regional layihələr və regionun inkişafına ölkəmizin verdiyi töhfə, Azərbaycanın xarici siyasəti və enerji strategiyası haqqında geniş məlumat verib. E.Abdullayev Azərbaycanın bir çox yüksək səviyyəli beynəlxalq miqyaslı tədbirlərə ev sahiblik etdiyini və Azərbaycanın beynəlxalq turizm mərkəzinə çevrildiyini bildirib.
J.Mfasoni, öz növbəsində, Azərbaycanın Əddis-Əbəbədə yeni açılmış səfirliyi münasibətilə E.Abdullayevi təbrik edib. Baş katib Azərbaycanın çox maraqlı ölkə olduğunu vurğulayıb və Azərbaycanın uğurları haqqında məlumatlı olduğunu qeyd edib.
Görüş zamanı Azərbaycanla Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu və tərəflər arasında münasibətlərin yeni müstəviyə qaldırılması və səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyi bildirilib. Azərbaycanın səfiri ölkəmizin Afrika İttifaqı ilə tərəfdaşlıq etməyə maraqlı və hazır olduğunu vurğulayıb.
Aİ Komissiyasının baş katibinə Bakı-2015 ilk Avropa Oyunları barədə ətraflı məlumat verilib.