Azərbaycan xəbərlər xidməti
Azər Niftiyev - Trend:
"Əli Kərimlinin alınıb-satılmaqdan dəm vurmasını kimsə gözümçıxdıya, qəribçiliyə salmasın. Adam bu iş üzrə ixtisaslaşıb və hərrac məsələlərində ondan daha peşəkar, ondan daha "usta" siyasətçi tapmaq çətin məsələdir.
Özünün az qala korrektoru olduğu "Azadlıq" qəzetində AXCP-nin dünən keçirilən qurultayının "möhtəşəm"liyindən, "dünyaya səs salması"ndan bəhs edən məqalə yazıb. Məqalədə iddia edib ki, ona rəqib olan namizəd Sahib Kərimli son anda öz namizədliyini onun xeyrinə geri götürüb. Hətta ona uğurlar da arzulayıb.
Sən dedin, biz də inandıq. Heç üstündən bir gün keçmədi ki, Sahib Kərimli AXCP sədrinin ünvanına sərt bəyanatla çıxış etdi. Bldirdi ki, Əli Kərimli Nizamnaməni pozaraq, sədr seçkilərini gizli yolla deyil, açıq keçirib və bununla qurultay nümayəndələrinə təzyiq edib. Ay sənin qurultayını "dovşan yesin", ay Kərimli.
Qurultayda daha bir diqqətçəkən məqam Milli Məclisin keçmiş deputatları Cəmil Həsənli və Gültəkin Hacıbəylinin AXCP ilə bağlı söylədiyi fikirlərdir. 2005-ci il parlament seçkilərində partiya mənsubiyyətini deputat mandatına qurban verən Cəmil Həsənli və yoruldum demədən Azərbaycan iqtidarına mədhiyyələr söyləyən Gültəkin Hacıbəyli AXCP-nin əldə etdiyi "uğurlar"dan danışıblar.
Xatırladaq ki, AXCP-nin qurultayından düz bir il öncə, elə 27 sentyabr tarixində Müsavat Partiyası qurultay keçirmişdi və bu qurultay partiyda ciddi parçalanmaların əsasını qoydu. İsa Qəmbərin ən qatı tərəfdarlarının təbirincə desək, başqan seçkiləri saxtalaşdırıldı və yeni başqan qeyri-legitim yolla rəhbərliyə gətirildi. Məqsəd bəlli idi: İsa Qəmbərin partiyada faktiki rəhbərliyini qoruyub saxlamaq. Elə ona görədir ki, partiyanın qərargahında Arif Hacılının oturmalı olduğu yerdə İsa Qəmbər oturur, Müsavatın adından bütün tədbirlərə onu dəvət edirlər.
İstər AXCP, istərsə də Müsavatda baş verənlər bu siyasi təşkilatların simasını, daha dəqiq desək, mahiyyətini nümayiş etdirir.
İnsan psixologiyasının mahir bilicisi Robert Qrin "Hakimiyyətin 48 qanunu" adlı kitabında qeyd edir ki, "Reputasiya hər şeydən önəmlidir, onu həyatın bahasına qorumalısan". Amma bizim müxalifət liderləri illərdir məruz qaldığı uğursuzluğa, nailiyyətsizliyə hələ də "dözür", istefa vermək cəsarəti tapmır, siyasi imiclərini şəxsi maraqlarına qurban verib, cəmiyyətdə özlərinə qarşı aqressiya aşılayırlar.