Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov BMT-nin Əhali Fondunun Azərbaycan üçün əsas humanitar tərəfdaşlardan biri olmaqda davam etdiyini bildirərək, qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsində Fondun Bakı ofisinin fəaliyyətini xüsusi qeyd etdi. Nazir bu kimi səfərlərin münasibətlərimizdə yeni istiqamətlərin müəyyənləşdirilməsində rolundan danışaraq, təhsil və informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdırdı. ADA Universiteti və BMT-nin Əhali Fondu arasında imzalanmış Anlaşma Memorandumunun bu baxımdan uğurlu başlanğıc ola biləcəyini və sonrakı əməkdaşlığa zəmin yarada biləcəyini əlavə edib.
E.Məmmədyarov BMT çərçivəsində müəyyən edilmiş inkişaf məqsədlərinin milli hədəflərə inteqrasiyası siyasətinin müsbət nəticələrindən bəhs edərək, həmçinin Azərbaycanın BMT-nin 2015-ci il Cənub-Cənub mükafatına layiq görüldüyünü qeyd etdi.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma evlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərlə bağlı İnsan Hüquqları Şurasının tövsiyələrinin praktiki icrasında və digər beynəlxalq təşkilatların diqqətinin ölkədəki məcburi köçkün probleminə yönəldilməsi sahəsində BMT-nin Əhali Fondu ilə əməkdaşlıqda maraqlı olduğumuzu bildirdi.
İcraçı direktor Babatunde Osotimehin səfəri çərçivəsində keçirdiyi görüşlər barəsində məlumat verərək, 1994-cu ildə Qahirədə keçirilmiş əhali və inkişaf üzrə Konfransın məqsədlərinin reallaşdırılmasındakı səylərinə və BMT-nin Davamlı inkişaf məqsədlərinin Azərbaycanda dəstəklənməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə BMT Əhali Fondunun mükafatını təqdim etməkdən şərəf duyduğunu qeyd etdi.
Azərbaycanın seçdiyi inkişaf modelinin humanitar sahədə də nəticələrinin təqdirəlayiq olduğunu qeyd edən qonaq sabit əhali artımı və əhali tərkibinin gənc olmasının insan potensialına qoyulan kapitalın parlaq nəticələr vəd etdiyini qeyd edib.
BMT-nin Əhali Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığından məmnunluğunu bildirən B.Osotimehin əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.