...

Elvin Aslanov: İlham Əliyevin gənclərlə görüşü onların cəmiyyətdəki rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır

Siyasət Materials 1 Fevral 2016 10:35 (UTC +04:00)
Prezident İlham Əliyevin yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü gənclər siyasəti və gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi.
Elvin Aslanov: İlham Əliyevin gənclərlə görüşü onların cəmiyyətdəki rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır

Bakı. Trend:

Prezident İlham Əliyevin yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü gənclər siyasəti və gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi. Bu görüş biz gənclərə yeni hədəflərin müəyyən edilməsi, fəaliyyət istiqamətlərinin seçilməsi, məqsədlərin aydınlaşdırılması baxımından yararlı olacaq. Prezident İlham Əliyev hər dəfə gənclərə necə xüsusi qayğı ilə yanaşırsa, gənclər də bundan sonra dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əllərindən gələni edəcəklər.

Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşündə iştirak edən və dövlət başçısı tərəfindən "Gənclər üçün Prezident Mükafatı" ilə təltif edilən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov görüş və aldığı mükafat barədə fikirlərini bölüşərkən söyləyib: "Prezident İlham Əliyevin bir qrup fəal gənclə görüşməsi müstəsna əhəmiyyətə malikdir. 2 Fevral - Gənclər Günü ərəfəsində belə bir görüşün baş tutması ölkə başçısının gənclərə ən yüksək səviyyədə diqqətinin bariz nümunəsidir. Keçirilən görüşdə iştirak edən bir gənc kimi onu deyə bilərəm ki, Prezident İlham Əliyev hər dəfə olduğu kimi gənclərlə çox səmimi söhbət apardı. Dövlət başçısı ilk öncə Azərbaycanın keçdiyi müstəqillik yoluna nəzər saldı və bu müstəqilliyin hansı əziyyətlər bahasına başa gəldiyini gənclərin diqqətinə çatdırdı. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsindəki rolunu xatırladan Prezident İlham Əliyev gənclərimizin milli dəyərlərə bağlı yetişməsinin və dövlətçiliyimizin qorunmasında çox vacib rol oynamasının əhəmiyyətini qeyd etdi. Ümumiyyətlə, dövlət başçısı öz çıxışında iqtisadiyyatın şaxələnməsi, yeni texnologiyaların istifadəsi, xarici siyasət və müxtəlif istiqamətlərdə öz fikirlərini bildirdi. Gənclərin hər bir sahədə aktiv rol oynamasının vacibliyini qeyd edən Prezident İlham Əliyev gənc alimlərin yetişməsi, müxtəlif müəssisələrdə azərbaycanlı gənc menecerlərin olması, gənc sahibkarlara kömək, beynəlxalq təşkilatların işində azərbaycanlı gənclərin iştirakı və digər bu kimi məsələlər barədə öz fikirlərini bildirdi".

E.Aslanov qeyd edib ki, aldığım mükafat Prezident İlham Əliyevin gənclərə böyük etimadının göstəricisidir: "Mən və rəhbərlik etdiyim təşkilat bundan sonra da bu etimadı doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çalışacağıq ki, Prezident İlham Əliyevin göstərdiyi yolda, onun dəstəyi və diqqəti sayəsində inamla irəliləyək. Dövlət başçısına biz gənclərə böyük diqqət və qayğısı üçün bir daha təşəkkür edirik. Azərbaycan Tələbələr Birliyinin sədri kimi bəyan edirəm ki, bundan sonra da ölkəmizin inkişafında bütün bilik və bacarığımı sərf edəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti