...

Prezident İlham Əliyev: Macarıstan və Azərbaycan öz strateji tərəfdaşlığını bu gün bir daha təsdiqləyir

Siyasət Materials 6 Mart 2016 19:01 (UTC +04:00)
“Sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Macarıstan bizim üçün çox yaxın və dost ölkədir. Mən şadam ki, səfər çox uğurla keçir və səfərin nəticələri Macarıstan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır”
Prezident İlham Əliyev: Macarıstan və Azərbaycan öz strateji tərəfdaşlığını bu gün bir daha təsdiqləyir

Bakı. Trend:

"Sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Macarıstan bizim üçün çox yaxın və dost ölkədir. Mən şadam ki, səfər çox uğurla keçir və səfərin nəticələri Macarıstan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatında deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan ilə Macarıstanın siyasi əlaqələri çox yüksək səviyyədədir:

"2014-cü ilin sonunda mən Macarıstana səfər edərkən biz Sizinlə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışıq. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bizim görüşlərimiz də müntəzəm olaraq keçirilir. Siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstəririk. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində çox müsbət və fəal rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və əminəm ki, gələcəkdə Macarıstan bu əlaqələrin inkişafını daim dəstəkləyəcəkdir.

Bu gün biz bir çox məsələlər haqqında fikir mübadiləsi apardıq - siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq. Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bir çox məsələlər Komissiya çərçivəsində öz həllini tapır. Biz gözəl siyasi əlaqələrimizin əsasında güclü iqtisadi əməkdaşlıq da qurmalıyıq. Mən şadam ki, keçən il Macarıstanın Azərbaycana ixracı artıb. Bu, gözəl göstəricidir. Bu gün biz bir çox konkret layihələr ətrafında fikir mübadiləsi apardıq. Energetika sahəsində çox gözəl əməkdaşlıq var. SOCAR ilə MOL şirkəti arasında əməkdaşlığın artıq yaxşı tarixi var və bu əməkdaşlıq yeni pilləyə qalxmalıdır. Biz bu gün bu barədə danışmışıq".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın enerji siyasəti bu gün Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir:

"Keçən ayın sonunda Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci toplantısı keçirilmişdir. Həmin toplantı nəticəsində qəbul edilmiş Bəyannamə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və "Cənub" qaz dəhlizinin icrasında aparıcı rolunu qeyd edir. Bizim zəngin neft-qaz yataqlarımız var. Bu gün "Cənub" qaz dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir. 3500 kilometr uzunluğunda tikiləcək bu kəmər gələcəkdə Avropanı Azərbaycan ilə daha da sıx birləşdirəcəkdir.

Bu gün biz digər istiqamətlər üzrə də geniş danışdıq. Dünən də Komissiyanın üzvləri fikir mübadiləsi aparmışlar. Kənd təsərrüfatı sahəsində çox gözəl imkanlar var. Konkret tapşırıqlar verilmişdir ki, bu sahədə əməkdaşlıq daha da fəal olsun. Macarıstanın təcrübəsi bizim üçün çox maraqlıdır. Macarıstanda kənd təsərrüfatı çox inkişaf edibdir. Bizim üçün də bu sahə bu gün əsas prioritetlərdən biridir və hesab edirəm ki, burada əməkdaşlıq üçün çox gözəl imkanlar var.

Nəqliyyat sahəsində. Mən cənab Baş nazirə məlumat verdim ki, Azərbaycan hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir. Artıq Çindən Azərbaycan ərazisindən Avropaya birinci sınaq konteyner qatarı keçmişdir. Bu dəhlizin gələcək fəaliyyəti həm ölkələrimizi birləşdirəcək, həm də nəqliyyat təhlükəsizliyini təmin edəcəkdir".

İlham Əliyev deyib ki, turizmdə gözəl imkanlar var: "Biz təhsil sahəsində uğurla əməkdaşlıq edirik və minnətdarıq ki, Macarıstan hökuməti bizim tələbələrə xüsusi təqaüd də təsis edib. Təhsil sahəsində əməkdaşlıq o deməkdir ki, gələcəkdə bizim insanlar da bir-biri ilə sıx əlaqədə olacaqlar.

Bu gün bir çox konkret layihələr müzakirə edildi. Ümumi yekun ondan ibarətdir ki, Macarıstan və Azərbaycan öz strateji tərəfdaşlığını bu gün bir daha təsdiqləyir. Dünən hökumətlərarası əlaqələrə dair imzalanan sənədlər, bu gün biznes forum çərçivəsində imzalanmış konkret layihələr bizi bir-birimizə daha da yaxın edəcəkdir. Biz bunu istəyirik. Macarıstan bizim üçün yaxın, dost ölkədir. Bizim cənab Baş nazirlə şəxsi münasibətlərimiz də dostluq münasibətləridir. Cənab Baş nazirin fəaliyyəti Azərbaycanda böyük hörmət və rəğbətlə qarşılanır".

Dövlət başçısı bildirib ki, Macarıstan o ölkələrdəndir ki, öz müstəqil siyasətini aparır: "Xarici və daxili siyasət ancaq Macarıstan xalqının maraqlarına əsaslanır və ona görə bizim aramızda bu sahədə də oxşarlıq var. Məhz buna görə Macarıstan bütün dünyada və Avropada hökm sürən böhranlardan çox şərəflə çıxmışdır. Məhz buna görə macar xalqı cənab Baş nazirin fəaliyyətini yüksək qiymətləndirir. Əgər hökumət xalqın maraqlarını müdafiə edirsə və öz ölkəsinin inkişafına çalışırsa xalq o hökuməti həmişə dəstəkləyəcək.

Ona görə, cənab Baş nazir, Sizin kimi dost bizim üçün çox əzizdir. Mən çox şadam ki, bu gün siyasi rəhbərliyin iradəsi ilə bizim əlaqələrimiz ən yüksək səviyyədədir. Əminəm ki, bu səfər də bu əlaqələrin inkişafına yeni təkan verəcəkdir.

Hörmətli cənab Baş nazir, Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha salamlayıram, bir daha "Xoş gəlmisiniz!" deyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti