...

Nazir: İspaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

Siyasət Materials 26 Aprel 2016 10:14 (UTC +04:00)
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo ilə görüşüb.
Nazir: İspaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

Bakı. Trend:

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo ilə görüşüb.

Bu barədə Trend-ə XİN-dən verilən məlumatda bildirilir.

Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi müstəvidə əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi.

Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində bir sıra sənəd layihələrinin hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümidvar olduqlarını bildirdilər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, mülki əhalini ağır silahlardan hədəfə alması, eləcə də ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə apardığı son telefon danışıqları barədə ispaniyalı həmkarına məlumat verdi.

Nazir əlavə etdi ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Joze Manuel Qarsiya-Marqallo ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklədiyini diqqətə çatdırdı.

İspaniyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinin təqdir edildiyini deyən Elmar Məmmədyarov rəsmi Madridin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına da öz töhfəsini verdiyini qeyd etdi.

İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun təşkilatçılığını və işini yüksək qiymətləndirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti