Bakı. Trend:
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan dilini öyrənən tələbə və müəllim heyəti qarşısında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” mövzusunda Azərbaycan dilində mühazirə ilə çıxış edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Səfir mühazirədə 1991-ci il 18 oktyabr tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinin respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirdiyini bildirib. O, 1918-ci il mayın 28-dәn 1920-ci il aprelin 28-dәk mövcud olmuş Azәrbaycan Demokratik Respublikasının varisi olan müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Müstəqillik yollarında ölkəmiz bir çox daxili və xarici təhdidlərlə üzləşdiyini vurğulayan diplomat bu təhdidlər sırasında dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistan Respublikasının hərbi təcavüzü və azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətini sadalayıb. N.Qurbanova yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyllərinə və vətəndaş müharibəsinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfir 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın dövlət quruculuğunun bünövrəsini təşkil etmiş, dövlətin bütün qurum və təsisatlarının formalaşdırılması, hakimiyyət bölgüsü prinsiplərinin təşəkkül tapmasında, parlamentarizm ənənələrinin zənginləşdirilməsində mühüm rol oynadığını söyləyib. N.Qurbanova ictimai-siyasi sabitliyin bərqərar olması və 20 sentyabr 1994-ci il tarixində “Əsrin müqaviləsi”nin imzalanmasının bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdığını əlavə edib. Neft strategiyası ilə yanaşı ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması, ticarətin liberallaşdırılması və əhalinin sosial müdafiəsinin təmin olunması məqsədilə mühüm layihələrdən danışıb.
O deyib ki, müstəqil Azərbaycan enerji sektorunun inkişafı sahəsində mühüm irəliləyişlərə nail olmuşdur, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və digər irimiqyaslı strateji layihələri həyata keçirmiş və enerji ehtiyatlarımızı dünya bazarlarına çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynamağa başlayıb.
N.Qurbanova Azərbaycanın Cənubi Qafqazın lider ölkəsinə çevrildiyini vurğulayaraq ölkəmizin Cənubi Qafqazda ÜDM-in 80%-nin Azərbaycanın payına düşdüyünü qeyd edib. O əlavə edib ki, regionda mühüm çoxtərəfli əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının iştirakı ən başlıca şərtdir.
Səfir cari il 29-30 sentyabr tarixində Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu barədə məlumat verərək tədbirdə Bolqarıstanın BR vitse-prezidenti Marqarita Popovanın rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunduğunu xatırladıb. Ötən il 3-5 mart tarixində AR Prezidentinin Bolqarıstana rəsmi səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə münasibətlərin yeni – strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını qeyd edən səfir ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin sürətlə inkişafından məmnunluqla danışıb.
İqtisadi sahədə əməkdaşlığın bariz nümunəsi kimi cari il 29-30 sentyabr tarixində Bakıda Azərbaycan-Bolqarıstan Hökumətləarası İqtisadi Komissiyanın 4-cü iclasının uğurla keçdiyini söyləyib. Son 8 ildə ilk dəfə təşkil olunan iclasda qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərin müzakirə olunduğunu bildirib. Mədəniyyət sahəsində də əlaqələrin ürəkaçan olduğunu söyləyən səfir Heydər Əliyev Fondu tərəfindən Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasının maliyyələşdirildiyini, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın Qoruğun rəsmi açılış mərasimində iştirak etdiyini əlavə edib. Səfir həmçinin növbəti il ölkələrimiz arasında əhəmiyyətli hadisənin - Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunacağının tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sual-cavab hissəsində səfir auditoriyanı maraqlandıran sualları cavablandırmış, Azərbaycanda səfərdə olmuş bolqar tələbələri isə ölkəmiz barədə xoş təəssüratları ilə bölüşüblər. Sonda səfirlik tərəfindən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə Azərbaycan dili və ədəbiyyatı dərslikləri, “Baku”, “Yol” və “İrs” jurnalları hədiyyə edilib.