...

İlham Əliyev: Milli maraqlarımızın müdafiəsində həmişə bir yerdəyik və bu ictimai dəstək mənim işimi asanlaşdırır

Siyasət Materials 23 Dekabr 2016 14:53 (UTC +04:00)
Milli maraqlarımızın müdafiəsində həmişə bir yerdəyik və bu ictimai dəstək mənim işimi asanlaşdırır.
İlham Əliyev: Milli maraqlarımızın müdafiəsində həmişə bir yerdəyik və bu ictimai dəstək mənim işimi asanlaşdırır

Bakı. Trend:

"Milli maraqlarımızın müdafiəsində həmişə bir yerdəyik və bu ictimai dəstək mənim işimi asanlaşdırır".

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunları ilə bağlı keçirilən mərasimdə deyib.

Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Bakıda Ümumdünya Şahmat Olimpiadası keçirilib və bu da Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə ikinci mötəbər tədbirdir:

"Biz artıq dünyada bir idman mərkəzi kimi tanınırıq. Eyni zamanda, bəzi hallarda hansısa səbəblər üzündən əgər bir ölkədə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər, - bu yaxınlarda belə bir hal olub, - və biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik. Yəni, bu beynəlxalq idman qurumları, beynəlxalq federasiyalar üçün də artıq bir real faktdır, bunu bilirlər. Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər və biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik. Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib. Əksinə, bütün bu illər ərzində bəzi anti-azərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmamışdır. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərib. Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir.

Əlbəttə, bu uğurların əsasında idmançılarımızın peşəkarlığı, fədakarlığı, məşqçilərin peşəkarlığı dayanır. Eyni zamanda, dövlət siyasəti aparılır. İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Bölgələrdə 40-dan çox müasir olimpiya idman kompleksi yaradılıbdır. Gələn il Abşeron və Ağcabədi rayonlarında iki olimpiya idman kompleksi açılmalıdır. Bir neçə idman kompleksinin tikintisi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın. İndi əksər şəhərlərimizdə bu imkanlar var, harada ki, yoxdur, orada da olacaq".

Azərbaycan Prezidenti vurğulayıb ki, biz idmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq:

"Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər. Onlar Vətəni təbliğ edirlər. Onlar bizim səfirlərimizdir. Onlar Azərbaycan bayrağı altında çıxış edirlər. Ona görə onlarda vətənpərvərlik ruhu çox yüksəkdir, fiziki güc də var və bütün bölmələrdə uşaqların, yeniyetmələrin idmanla məşğul olması üçün tədbirlər görülür. Biz coğrafiyanı genişləndiririk və çalışmalıyıq ki, idmanla məşğul olmaq vərdişi kütləvi xarakter alsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti