Bakı. Trend:
Nazir Elmar Məmmədyarov Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavini Malkolm Honlaynı qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin ABŞ-ın yəhudi icması ilə əlaqələrə dair fikir mübadiləsi aparılıb.
M.Honlayn Azərbaycana öncəki səfərlərini xatırlayaraq, ölkəmizin ildən-ilə müxtəlif sahələrdə inkişafının təqdirəlayiq hal olduğunu bildirib. O həmçinin tarixən yəhudi icmasının Azərbaycanda sülh şəraitində yaşadığını və cəmiyyətə inteqrasiya etdiyini bildirib və bu istiqamətdə Azərbaycan hökuməti tərəfidən görülmüş işlərə görə təşəkkürünü ifadə edib.
Nazir E.Məmmədyarov mövcud çağırışlar fonunda Azərbaycanda müxtəlif kenfesiyaların nümayəndələrinin sülh şəraitində birgə yaşayışının nümunəvi xarakter daşıdığını deyərək, Azərbaycan hökuməti tərəfindən mədəniyyət və dinlərarası dialoqun təşviq edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Görüşdə həmçinin beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.