...

Azərbaycan səfiri müsabiqə qaliblərini mükafatlandırıb (FOTO)

Siyasət Materials 18 May 2017 10:42 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Kazanlık şəhərində keçirilmiş Qızılgül şahzadəsi-2017 müsabiqəsində münsiflər heyətinin üzvü qismində iştirak edib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, N.Qurbanova Bolqarıstanın Kazanlık şəhərində keçirilmiş Qızılgül şahzadəsi-2017 müsabiqəsində münsiflər heyətinin üzvü qismində iştirak edib. Tədbirdə sayca 49-cu olan Qızılgül şahzadəsi seçilib.

21 iştirakçının qatıldığı müsabiqədə birinci yerə 18 yaşlı Tsvetselina İlieva layiq görülüb. Qızılgül şahzadəsi seçilən T.İliyevaya mükafat səfir N.Qurbanova tərəfindən təqdim olunub.

Kazanlık şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilmiş festivalda Kazanlık şəhərinin meri Q.Stoyanova, şəhərin yüksək vəzifəli nümayəndələri, dövlət və özəl qurumların təmsilçiləri, KİV nümayəndələri iştirak edib.

Qeyd edək ki, 49-cü Qızılgül şahzadəsinin seçilməsi ilə 114-cü Qızılgül bayramı başlanıb. Qızılgül festivalı Bolqarıstanda gözəllik və güllərə həsr olunan ən diqqətəlayiq festivaldır. 1903-cü ildən etibarən keçirilən festival ənənəvi olaraq iyun ayının ilk həftəsonu keçirilir.

Gecədə çıxış edən natiqlər Bolqarıstanda qızılgül istehsalı barədə məlumat verərək bildiriblər ki, qızılgül Bolqarıstana ilk dəfə 15-16-cı əsrlərdə Türkiyə, İran və Hindistandan gətirilib və ilk dəfə Kazanlıkda becərilməyə başlanılıb, 19-cu əsrdən etibarən burda yetişdirilən qızılgül Kazanlıq qızılgülü, Sub-Balkan vadisi isə Qızılgül vadisi adlanmağa başlanıb.

Bolqarıstanda illik qızılgül yağı istehsalı son 25 ildə 1-1.8 ton təşkil edir. Hava şəraitindən asılı olaraq məhsul həcmi ildən ilə dəyişir. Bolqarıstanın qızılgülün “damascena roza” növü ilə məşhur olduğunu bildirən natiqlər 1950-ci illərdən etibarən ölkəyə müxtəlif qızılgül növlərinin gətirilməyə başlandığını, lakin qızılgül yağının təbii tərkibinin saxlanması məqsədilə “damascena roza” növünə məxsus çeşidlərin istehsalına icazə verildiyini söyləyiblər.

Qızılgül yığımı üçün ən münbit zaman iyun ayının ortalarıdır (20-30 gün ərzində). Havanın yüksək rütubətliliyi qızılgülün yağ tərkibinə təsir edir. Bu baxımdan məhsul erkən saatlarda (05.00-12.00 aralığında) yığılır. Səhər saat 07.00-də qızılgülün yağ tərkibi ən yüksək həddə olur.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti