...

Prezident İlham Əliyev Azərbaycanda gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb

Siyasət Materials 7 Mart 2018 22:02 (UTC +04:00)
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Prezident İlham Əliyev Azərbaycanda gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycanda gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılır.

Fərmanla “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi” təsdiq edilir.

Gənclər Fondunda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

- Azərbaycan Respublikasının Prezidentinə:

- nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
- icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- yenidən təşkili və ləğvi məsələləri;
- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
- xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

Nazirlər Kabinetinə:

- illik maliyyə hesabatlarının təsdiqi;

Fonda:

- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla strukturunun təsdiqi;
- inkişaf istiqamətlərinin müəyyən edilməsi.

Müəyyən edilir ki, Fondun nizamnamə fondu 115 min manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır; Fondda 9 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Fondun Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir; Fondun fəaliyyətinə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.

Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun balansındakı dövlət əmlakı həmin Fondun balansına veriləcək.

Azərbaycan Prezidentinin Administrasiyası Fondun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; Fond dövlət qeydiyyatına alındığı gündən üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun balansındakı dövlət əmlakının Fondun balansına verilməsini təmin etsin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Fond dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət edəcək; dövlət qeydiyyatına alındığı gündən etibarən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verəcək; strukturunu, işçilərinin say həddini, əməyin ödənilməsi formalarını və miqdarını, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq edəcək.

Maliyyə Nazirliyinə bu fərmanda göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti