...

Ukraynada xarici dövlətlərin diplomatik korpuslarına Soyqırımı Günü ilə bağlı bəyanat ünvanlanıb

Siyasət Materials 30 Mart 2018 13:27 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyi 31 Mart- Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar olaraq Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatlar, xarici dövlətlərin diplomatik korpuslarına, bu ölkənin Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb.
Ukraynada xarici dövlətlərin diplomatik korpuslarına Soyqırımı Günü ilə bağlı bəyanat ünvanlanıb

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfirliyi 31 Mart- Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar olaraq Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatlar, xarici dövlətlərin diplomatik korpuslarına, bu ölkənin Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ingilis və Ukrayna dillərində yayımlanan bəyanatda qeyd olunur ki, 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

Bəyanatda o da qeyd olunur ki, "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edərək öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular:

"1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti