Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycanda prezident seçkiləri azad, demokratik prinsiplərə və hazırkı qanunvericilik prinsiplərinə uyğun keçdi.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Ukrayna parlamentinin müşahidə missiyasının rəhbəri Maksim Kuryaçi deyib.
M.Kuryaçi qeyd edib ki, Azərbaycan xalqının iradəsini sərbəst ifadə etməsinə təsir edə biləcək hər hansı bir pozuntu qeydə alınmayıb.
“Bu gün təkcə Azərbaycan üçün yox, həm də Ukrayna üçün məsuliyyətli gün olub. Ukraynada seçki prosesini diqqətlə izləyiblər. Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır, olub və olacaq”.
Deputat qeyd edib ki, ukraynalı müşahidəçilər təkcə Bakıda yox, həm də şəhərdən kənarda 20-dən çox seçki məntəqəsində olub:
“İndi səslərin sayılması prosesi gedir və biz əminik ki, bu proses bütün prosedurlara əməl olunmaqla keçəcək”.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.