...

Budapeştdə “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Siyasət Materials 3 May 2018 13:57 (UTC +04:00)
Budapeşt şəhərində Azərbaycanın tanınmış yazıçı-publisisti Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı trilogiyasının macar dilinə tərcümə edilmiş iki cildinin təqdimat mərasimi keçirilib.
Budapeştdə “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Macarıstandakı səfirliyinin böyük zalında Azərbaycanın tanınmış yazıçı-publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı trilogiyasının macar dilinə tərcümə edilmiş iki cildinin işıq üzü görməsi ilə əlaqədar təqdimat mərasimi təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbirdə macar alim və ədibləri, Budapeşt şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, jurnalistlər, Azərbaycan diasporunun təmsilçiləri və Azərbaycanlı tələbələr iştirak edib.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açılış nitqi ilə çıxış edərək, kitabın müəllifi Elmira Axundovanı, həmçinin kitabı macar dilinə tərcümə edən Tamaş Varhedini qonaqlara təqdim edib. Diplomatik nümayəndəliyin rəhbəri dahi siyasətçinin ömür yolundan, Heydər Əliyevin komandasında və rəhbərliyi altında çalışdığı dövrdən bəhs edib.

Sonra müəllif Elmira Axundova tədbir iştirakçıları qarşısında çıxış edərək, görkəmli dövlət xadiminin parlaq həyatı, xüsusilə 1991-93-cü illərdə ölkə üçün çətin anlarda – hərc-mərclik, anarxiya dövründə ən yadda qalan epizodlar barədə danışıb. O, həmçinin, Ümummilli Lider Heydər Əliyevin xatirəsinin əbədləşdirilməsi məqsədilə gələcək yaradıcılıq planlarından danışaraq yeni kitablarının adlarını açıqlayıb.

Tərcümənin müəllifi T.Varhedi çıxışı zamanı regionda baş verən proseslər və görkəmli şəxsiyyətlər barədə macar ictimaiyyətinin məlumatlı olmasının vacibliyini vurğulayıb. O, Heydər Əliyevin bənzərsiz bir şəxsiyyət olması səbəbindən tərcümə prosesində xüsusi məsuliyyət hissi keçirdiyini etiraf edib. Tərcüməçi bu trilogiyanın və baş qəhrəmanın macar oxucuları tərəfindən Azərbaycanı daha yaxından tanımağa və bu ölkəni sevməyə, habelə ölkənin problem və çətinliklərini anlamağa, bu gözəl ölkənin və əməksevər xalqın parlaq gələcəyinə inanmağa imkan verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə iştirak edən Macarıstan Elmlər Akademiyasının akademiki Qabor Hamza, Korol Siqizmund universitetinin rektoru Peter Satmari, Macarıstanın Azərbaycandakı ilk səfiri Eno Boroş, tanınmış jurnalistlər Peter Dunai, Peter Erdeli, Azərbaycan ədəbiyyatının orijinaldan tərcüməçisi Maria Keneşi, Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva və digər iştirakçılar kitab barədə təəssüratlarını bölüşüblər.

Təqdimat mərasimi zamanı həmçinin iştirakçılar tərəfindən Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı bir sıra fikirlər ifadə edilib və onların çoxsaylı sualları müəllif tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Tədbir ziyafətlə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti