...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Argentinada qeyd olunub (FOTO)

Siyasət Materials 30 May 2018 11:34 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Argentinada qeyd olunub
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Argentinada qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Argentinada qeyd olunub.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə,

Buenos Ayres şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar təşkil edilmiş rəsmi ziyafətdə Argentina Xarici İşlər Nazirliyi, Deputatlar Palatası və Senatının təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, həmçinin elmi-akademik, işgüzar çevrələrin, kütləvi informasiya vasitələri və Argentina ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov bildirib ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin qədim və zəngin dövlətçilik ənənələrinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli sərvəti, tariximizin parlaq səhifəsidir” fikirlərini xatırladan diplomat Azərbaycanın iqtisadi, intellektual və mədəni potensialının formalaşmasında müstəsna xidmətləri olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə görülən işlərdən bəhs edib. Bildirilib ki, həmin dövrdə dövlətin aparıcı strukturları təşkil edildi, hökumət formalaşdırıldı, Azərbaycanın ilk milli parlamenti fəaliyyətə başladı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi təsis edildi, ana dili dövlət dili elan olundu, milli ordu yaradıldı. R.Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin həm də İslam dünyasında qadınlara yüz il bundan öncə səsvermə və seçilmək hüququ verən ilk demokratik respublika olmaqla tarixə düşdüyünü xüsusi qeyd edib.

Müasir Azərbaycan Respublikasının özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyini deyən R.Aslanov 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atdığını diqqətə çatdırıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf və yüksəliş strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Müstəqil Azərbaycanın beynəlxalq arenada uğurlarından bəhs edən R.Aslanov ölkəmizin genişmiqyaslı regional və qlobal enerji və infrastruktur layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısı olduğunu deyib və neft kapitalının insan kapitalına çevrilməsinin sürətli iqtisadi inkişaf xəttinin əsas istiqamətlərindən biri olduğunu əlavə edib. O, həmçinin Bakının “Ekspo 2025”ə namizəd ölkələr arasında olduğunu bildirib.

Azərbaycanın Şərq və Qərbin qovuşuğunda yerləşdiyini deyən R.Aslanov ölkəmizin tolerantlıq ənənələrinin mövcud olduğu sabitlik, inkişaf və tərəqqi simvoluna çevrildiyini bildirib.

Müstəqilliyinin ilk illərində sosial-iqtisadi problemlərlə yanaşı, Azərbaycanın qonşu Ermənistanın təcavüzü ilə üzləşdiyini deyən R.Aslanov nəticədə torpaqlarımızın iyirmi faizinin işğal edildiyini, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından məcburi köçkün düşdüyünü vurğulayıb. Həmçinin Ermənistanın hələ də münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, eləcə də digər beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymadığını qeyd edib.

2018-ci ilin həm də Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu bildirən R.Aslanov ikitərəfli əlaqələrin inkişaf tarixi və əməkdaşlıq perspektivlərindən bəhs edib.

Tədbirin bədii hissəsində argentinalı musiqiçilərin ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də azərbaycanlı rəqqasların ifasında milli rəqslərimiz tədbir iştirakçılarına təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti