Bakı. Əli Mustafayev - Trend:
Dostluq və tərəfdaşlıq, eyni zamanda yaxşı qonşuluq münasibətləri, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün sahələrini əhatə edir.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov Rusiya günü ilə bağlı keçirilən mərasimdə deyib.
Səfirin sözlərinə görə, hazırda bütün mühüm sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq, enerji, nəqliyyat, logistika, təhsil və digər sahələrdə iki ölkə arasında uğurlu əməkdaşlıq var.
"Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə saxlanmasında dövlət başçılarının böyük rolu var və gələcəkdə bu ənənənin davam edəcəyinə heç bir şübhəm yoxdur".
Diplomatın sözlərinə görə, hazırda Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin açılması və iqtisadi əlaqələrin genişləndirilməsi üçün işlər aparılır.
M.Boçarnikov həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Azərbaycan hökuməti və xalqını təbrik edib.