...

Azərbaycan Prezidenti: Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir

Siyasət Materials 9 İyul 2018 23:33 (UTC +04:00)
Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir.
Azərbaycan Prezidenti: Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir

Bakı. Trend:

Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir.

Trend-in məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir: “Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam etdiriləcək, ancaq onun əsas hissəsi həll olunub. Özü də qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır. Ancaq bu sahədə bundan sonra şəffaflıq tam təmin edilməlidir. Kənd Təsərrüfatı Nazirliyi qarşısında bu vəzifə qoyulub. Bizim texnika parkımız tam təftiş edilməlidir. Yeni alınacaq texnika ilə bağlı çox dəqiq təkliflər verilməlidir. O texnika bizim kənd təsərrüfatının ümumi inkişaf dinamikasına uyğun olmalıdır və prioritetləri də özündə əks etdirməlidir”.

İlham Əliyev əlavə edib: “Bir daha demək istəyirəm ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik. Baxmayaraq ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz tapşırıqlarımı vermişdim, elektron kənd təsərrüfatı sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada mövcud deyil. Problemlər də məhz bundan qaynaqlanır. Ona görə, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Bu istiqamətdə artıq işlər görülür. Biz hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik. Mən dəfələrlə demişəm, kənd təsərrüfatı Azərbaycanda müəyyən dövrdən sonra ancaq intensiv yollarla inkişaf edə bilər. Biz hazırda böyük meliorasiya tədbirlərini görürük ki, suvarılmayan daha böyük torpaqlara su gətirək. Biz buna nail olacağıq. Ancaq bizim torpaq, yəni, ərazi imkanlarımız o qədər də geniş deyil. Ona görə, ancaq səmərəli kənd təsərrüfatının inkişafı və yeni texnologiyaların tətbiqi nəticəsində biz istədiyimizə nail ola bilərik.

Aqroparkların yaradılması ilə bağlı burada məruzədə məlumat verildi. Qeyd etməliyəm ki, doğrudan da böyük fermer təsərrüfatlarının qurulması bu sahədə dönüş yaratdı. Bu yaxınlarda mənə aqroparkların fəaliyyəti ilə bağlı geniş məruzə edildi. Dörd aqropark fəaliyyətdədir. Dördündə də mən açılışda olmuşam. On dörd aqropark isə bu ilin sonuna qədər istifadəyə veriləcək. Bitkiçiliklə məşğul olan bu aqroparklarda məhsuldarlıq ən yüksək səviyyədədir - taxılçılıqda minimum 50 sentnerdir. Orta göstərici isə, - bu gün hələ biçin gedir, - hələlik 30 sentnerdir. Bu da əvvəlki dövrə nisbətən məqbul rəqəmdir. Ancaq Azərbaycanda orta məhsuldarlıq da ən yüksək səviyyədə olmalıdır”.

Prezident vurğulayıb ki, dövlət aqroparkların yaradılmasına çox böyük dəstək göstərir: “Dövlət ancaq infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə qoyulacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti