...

Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlər forumu öz işinə başlayıb (FOTO)

Siyasət Materials 24 Sentyabr 2018 16:37 (UTC +04:00)
Bu gün Bakıda 45 ölkəni təmsil edən 220-dən çox qonağın iştirakı ilə Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu öz işinə başlayıb.
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlər forumu öz işinə başlayıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda 45 ölkəni təmsil edən 220-dən çox qonağın iştirakı ilə Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər, əlavə olaraq daha yaşlı 100 liderin iştirakı ilə öz ölkələrində daha inkluziv cəmiyyətlər formalaşdırmaq məqsədi ilə qrup layihələrini hazırlayacaqlar.

Gənc liderlər Bakı forumu başa çatdıqdan sonra öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər. Bu layihələr Beynəlxalq Xüsusi Olimpiya fondunun qrantları ilə dəstəklənəcək. Beşgünlük forum Azərbaycan Gənclər və İdman Nazirliyi, habelə "Lions Clubs International", "Stavros Niarchos Foundation" və digər təşkilatlar tərəfindən dəstəklənir.

Tədbirdə çıxış edən Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şriver deyib ki, gənc liderlər dünyada yaşayan əqli məhdudiyyətləri olan 200 milyon insan və ümumilikdə hamı üçün inkluzivlik məqsədinə nail olmaq əzmində olan yeni nəsil liderləri təmsil edirlər:

"Onlar Bakıda müxtəlif layihələr vasitəsilə inkluziv dünyanın toxumlarını yaradacaq, evlərinə qayıtdıqdan sonra isə bütün dünyada bunu yayacaqlar. Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəblərində və icmalarında sosial inkluzivliyə nail olma sahəsində anlayışlarını inkişaf etdirəcək və genişləndirəcəklər. Onlar liderlik və sosial dəyişiklik sahəsində dünya miqyasında tanınmış ekspertlərdən yeni strategiyalar və fəaliyyətlər barədə öyrənəcəklər ki, bu da Xüsusi Olimpiya Hərəkatı Vahid İdman Platformasından istifadə etməklə daha inkluziv dünyanı təşviq etməyə kömək edəcək".

Tədbirdə çıxış edən Gənclər və idman naziri Azad Rəhimov deyib:

“Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə və ənənələrə malik olan ölkədir. Biz dünyada idman ölkəsi və öz gənclərinə böyük dəyər verən ölkə kimi tanınmaqdan qürur duyuruq. 2018-ci il Xüsusi Olimpiya Hərəkatı Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara – verdiyimiz dəyəri nümayiş etdiririk. Daha inkluziv dünyaya yeni körpü kimi, bu Forum cəmiyyətdən təcrid olunduğunu hiss edən hər kəsə ümid mayakı kimi çıxış edəcək”.

Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə heyətləri müxtəlif inkluzivlik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Bu səy çərçivəsində 8500-dən artıq gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klublarında inkluziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti