...

BMT tribunasından beynəlxalq hüququ təhqir edən Paşinyan

Siyasət Materials 26 Sentyabr 2018 21:50 (UTC +04:00)
Paşinyana Ermənistanın da tanımadığı qondarma rejimin adından danışmaq hüququnu kim verib?
BMT tribunasından beynəlxalq hüququ təhqir edən Paşinyan

Bəxtiyar Hacıyev – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında ziddiyyətli, qeyri-peşəkar bəyanatlar vermək ənənəsinə sadiq qaldı.

Paşinyan bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz – "əgər kimsə erməni xalqının yeni soyqırıma məruz qalmasını istəmirsə". Maraqlıdır, tarixən Azərbaycan ərazisi olan, azərbaycanlı rəhbərlərin idarə etdiyi Qarabağda ermənilərə qarşı bu ərazilərə köçürüldükləri XVIII əsrdən bu yana nə vaxtsa soyqırım törədilibmi? Məgər erməni baş nazirin Qarabağda həmyerlilərinin silahlanaraq dəfələrlə dinc azərbaycanlılara qarşı quldurluq hərəkətləri etməsindən, XX əsrin əvvəllərindən azərbaycanlılara qarşı soyqırım törətməsindən, Qarabağ müharibəsində minlərlə azərbaycanlının ölməsindən, Xocalı soyqırımından xəbəri yoxdurmu?

Paşinyan – dünyanın bir çox ölkələri tərəfindən tanınan Ermənistan Respublikasının baş naziri hətta rəhbərlik etdiyi ölkənin tanımadığı qondarma rejimi BMT tribunasından "Artsax respublikası" adlandıraraq qanuni, rəsmi dövlət kimi təqdim edir. Bu, heç bir məntiqə sığmayan hərəkətdir. Bu, BMT qətnamələrinin, qərarlarının, beynəlxalq hüququn elə təşkilatın sessiyasında ayaq altına alınaraq təhqir edilməsi deməkdir. Maraqlıdır ki, daim beynəlxalq hüququn aliliyindən dəm vuran, ölkələrini ən demokratik hesab edən bəzi dövlətlərin və beynəlxalq qurumların rəhbərləri isə belə çıxışa etiraz etmədilər, etmirlər.

Deməli, xalqını boş-boş vədlərlə aldadıb hakimiyyətə gələn Paşinyan düşünür ki, qəbul etdikləri qətnamələri tətbiq etmək mexanizminə malik olmayan BMT kimi təşkilatları da populist çıxışları ilə aldada bilər. Bu məqamda erməni baş nazirin belə düşünməyə müəyyən qədər haqlı olduğunu deməyə məcburuq. Çünki BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr 20 ildən çoxdur kağız üzərində qalıb, Ermənistan bu qətnamələrə əhəmiyyət vermir. Bu qətnamələrdə açıq şəkildə bildirilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Lakin bəzən də qətnamə qəbul edilər-edilməz, dərhal tətbiq olunur, sanksiyalar işə düşür və s. Azərbaycan artıq 30 ilə yaxındır ki belə ikili standartlarla qarşılaşır.

Paşinyan deyir ki, Azərbaycan "münaqişənin əsas subyekti olan Dağlıq Qarabağ"la danışıqlara başlamalıdır. Birincisi, Azərbaycan öz tarixi, qanuni, beynəlxalq səviyyədə tanınmış ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejimlə və ya Paşinyanın təbirincə desək, heç bir dövlətin, təşkilatın tanımadığı "Artsax"la niyə danışıqlar aparmalıdır? İkincisi, Ermənistanın baş nazirinə beynəlxalq tribunalarda bu qondarma rejimin adından danışmaq hüququnu kim verib? Ermənistan rəsmi şəkildə Qarabağı öz ərazisi elan etməyib və qondarma rejimi tanımır. Elə isə Paşinyan kimdir? Əgər həqiqətən də özlərinin iddia etdiyi kimi, münaqişə tərəfləri Ermənistan deyil, qondarma rejim və Azərbaycandırsa, onda erməni rəsmiləri narahat edən nədir? Onları "artsaxlı"ların "hüquq"larını müdafiə etməyə nə məcbur edir? Kim onlara bu "himayədarlıq vəsiqəsi"ni verib? Rəsmi Yerevan zəhmət çəkib əvvəlcə bu suallara aydınlıq gətirsin.

Belə həyasız çıxışdan sonra Paşinyan özünü sığortalamaq istəyir – "münaqişənin hərbi yolla həlli regionun təhlükəsizliyinə birbaşa təhdiddir". Bəs ermənilərin separatçılığının nəticəsi olan Qarabağ müharibəsi regionun təhlükəsizliyinə təhdid deyilmi? Ermənistan silahlılarının Azərbaycan ərazilərinə soxulması, hətta dinc sakinlərə qarşı ara-sıra təxribata cəhd etməsi təhdid deyilmi? Azərbaycan Ordusunun cavab zərbələrindən sonra rəsmi Bakını münaqişəni hərbi yolla həll etməkdə günahlandırmağı isə heç bir mədəni sözlə izah etmək olmur.

Erməni baş nazirin 25 ildir ki Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məşğul olan (?!) ATƏT Minsk qrupunun fəaliyyətini təqdir etməsi də gözlənilən idi. Çünki Ermənistana elə üzdə bu münaqişənin guya tənzimləməsi ilə məşğul olan, əslində isə vaxt uzatmaqdan, regiona turist səfərləri etməkdən başqa bir iş görməyən həmsədrlər sərf edir.

Bundan əvvəl sabiq prezident Sarkisyanın etdiyi kimi, Paşinyan da özünü "artsaxlıların vəkili" kimi aparır. Bu mövqe isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə xələl yetirmək niyyətindən başqa bir şey deyil. Belə görünür ki, istər Sarkisyan olsun, istər Paşinyan, istərsə də bundan sonra hakimiyyətə gələcək hansısa ...yan olsun, erməni rəhbərlərin separatçı mövqeyi dəyişməyəcək, onlar münaqişənin uzanması, status-kvonun saxlanması üçün çalışacaqlar.

Prezident İlham Əliyevin Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş iclasda qeyd etdiyi kimi, bu gün Ermənistandan səslənən çox ziddiyyətli və cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir.

Dünyanın aparıcı ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar bu özbaşınalığa, ikili standartlara son qoymalıdırlar, işğalçıya qarşı sanskiya tətbiq etməlidirlər və s. Cinayətkar cəzasız qalanda fəsadları artmağa davam edir.

Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, rəsmi Bakının mövqeyi çox aydındır – Dağlıq Qarabağ Azərbaycanın suverenliyindən kənarda heç vaxt heç bir status almayacaq, münaqişənin həlli üçün ilk növbədə erməni silahlıları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti