...

Kanadadakı azərbaycanlılar erməni təxribatı ilə bağlı bu ölkənin rəsmi qurumlarına etiraz məktubu göndərib

Siyasət Materials 10 Dekabr 2018 18:03 (UTC +04:00)

Bakı. Trend:

Kanada Azərbaycan Təşkilatları Assambleyası və Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyəti Torontonun Skarboro rayonunun mərkəzində yerləşən erməni kilsəsinin və erməni gənclər evinin qarşısında Kanadanın dövlət bayrağı ilə yanaşı, Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz yaradılmış qondarma rejimin də bayrağının asılması ilə əlaqədar yerli qurumlara etiraz bəyanatları ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış qondarma rejimin də bayrağının asılması beynəlxalq hüquq və prinsiplərin, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və beynəlxalq təşkilatların hazırladığı digər sənədlərdə göstərilmiş qaydaların pozulması deməkdir.

Bununla bağlı dərin narahatlığını bildirən Azərbaycan icması Toronto şəhər rəhbərliyini bu həssas məsələyə biganə qalmamağa çağırıb: “Bu məsələyə etiraz edən cəmiyyət üzvlərinin əksəriyyəti əslində, Ermənistanın hərbi qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından qovulmuş və sonradan Kanadaya köçmüş Azərbaycan əsilli kanadalılardır. Hazırda bu insanlar kilsə və Gənclik Mərkəzinin yaxınlığında yaşayırlar və hər səhər işə getmək üçün bu "bayraqların" önündən keçməlidirlər. Bu “bayraq” insanlığa qarşı qəsdən törədilmiş cinayəti, soyqırımı təmsil edir!

Bəyanatda Azərbaycan icması Kanada kimi bir ölkədə belə ədalətsizliyin baş verə biləcəyinə qəti etirazını bildirərək işğalçı Ermənistanın Silahlı Qüvvələrinin “bayrağı” şəklində narahatçılıq simvolunun endirilməsini xahiş edir.

Erməni təxribatının qarşısının alınması ilə bağlı Kanada Azərbaycan Təşkilatları Assambleyasına daxil olan 16 diaspor təşkilatının imzaladığı etiraz məktubu Toronto şəhər meri Mayor Con Tori, şəhər müşaviri Şelley Karol, Parlamentin üzvü, Kanadanın İrsi və Multikulturalizm naziri Pablo Rodrigez və digər məsul şəxslərə, eləcə də qurumlara göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti