...

Çikaqoda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Siyasət Materials 27 Fevral 2019 14:25 (UTC +04:00)
ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Çikaqoda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

İllinoyun Azərbaycanlı Amerikan İcması təşkilatı tərəfindən ABŞ-ın İllinoy ştatının ən böyük universitetlərindən olan Şimal-Şərqi İllinoy Universitetində Xocalı qətliamının 27-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə azərbaycanlı icmanın çoxsaylı üzvləri ilə yanaşı, Universitetin tələbə və professor heyəti də iştirak etmişdir. Xocalı faciəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz valideynlərini və yaxınlarını itirmiş uşaqların həyatına həsr olunmuş “Müharibə Uşaqları” sənədli filmi tədbirdə nümayiş olunmuşdur.

Tədbir zamanı azərbaycanlı icmanın fəal üzvlərindən, İllinoyun Azərbaycanlı Amerikan İcması təşkilatının rəhbəri Əhməd Obalı çıxış edərək tədbir iştirakçılarını salamlamış və Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmiş, faciə barədə iştirakçıları məlumatlandırmışdır. O, Azərbaycanın ədalətli mövqeyinin ABŞ ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində səylərini daha da artıracağını bildirmişdir.

Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqə sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin birinci katibi Ayxan Hacızadə faciə barədə təqdimatla çıxış etmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən böyük qətliam kimi xarakterizə olunan Xocalı faciəsinin Ermənistanın Dağlıq-Qarabağ və digər işğal olunmuş ərazilərdə genişmiqyaslı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu bildirilmişdir. Xocalı qətliamı nəticəsində qadın, uşaq və yaşlılar da daxil olmaqla yüzlərlə insanın amansızcasına qətlinin məsuliyyətinin Ermənistan, onun keçmiş siyasi və hərbi rəhbərliyi üzərində olduğu, onların amansızlıqlarının yalnız Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən deyil, beynəlxalq mətbuat orqanlarının nəşrlərində və təşkilatların hesabatlarında sübuta yetirildiyi çıxış zamanı qeyd olunmuşdur. Azərbaycanın Xocalı faciəsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq işini son dövrlərdə daha da genişləndirdiyi, bu istiqamətdə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində mühüm işlər görüldüyü bildirilmişdir.

Daha sonra çıxış edən, Türkiyə Respublikasının Çikaqodakı baş konsulu Umut Acar ilk öncə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən 26 fevral tarixində Xocalı qətliamı ilə bağlı verilmiş mətbuat açıqlaması barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. O, ABŞ-da azərbaycanlı icmasının gücləndirilməsi və Azərbaycanın haqq səsinin ABŞ-ın ictimai-siyasi dairələrinə çatdırılması istiqamətində bu kimi tədbirlərin əhəmiyyətli olduğunu, erməni icmasının saxta təbliğatı ilə mübarizə üçün Türkiyədən olan icma ilə azərbaycanlı icma nümayəndələri arasında əməkdaşlığın daha da artmasının zəruri olduğunu bildirmişdir.

Tədbirə qatılan digər spiker “Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski çıxışında beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarından, mətbuat orqanlarından, elmi dairələrin nəşrlərindən və xarici müəlliflərin kitablarından sitatlar gətirərək Xocalı qətliamı barədə həqiqətləri diqqətə çatdırmışdır. O, bu işlərin ortaya çıxarılmasında fəaliyyətin davam etdirilməsinin zəruri olduğunu, “Xocalıya Ədalət” kampaniyası üzrə aparılan işlərin əhəmiyyətini vurğulamışdır.

Sonra, Azərbaycanın əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə çıxış edərək ssenari müəllifi və rejissoru olduğu “Müharibə Uşaqları” sənədli filminin çəkilmə ideyası barədə məlumat vermişdir. Filmin Ermənistan-Azərbaycan müharibəsi zamanı valideynlərini və öz yaxınlarını itirmiş azyaşlı uşaqlardan bəhs etdiyi diqqətə çatdırılmışdır. Müharibədə əziyyət çəkmələrinə baxmayaraq, filmin qəhrəmanları olan uşaqların, şəhidlərimizin övladlarının müharibə zamanı üzləşdiyi əziyyətlərin, habelə onların həyatla mübarizə və uğur qazanmaq səylərinin nümayiş etdirilməsinin filmin əsas qayəsi olduğu vurğulanmışdır. Filmin çəkilişləri zamanı, şahidlərin ifadələrindən, hərbi xronikadan və video çəkilişlərdən istifadə olunduğu barədə məlumat verilmişdir. Filmin operatoru Nizami Abbasın filmin ərsəyə gəlməsində rolu çıxış zamanı xüsusi qeyd etmişdir.

Tədbirdə həmçinin, Çikaqonun Robert Abbott orta məktəbinin sosial xidmətlər üzrə pedaqoqu Amy Bolduin və Çikaqonun Kərkük türkmənləri icmasının nümayəndəsi Ahmet Yılmaz da çıxış edərək faciə barədə bir neçə il öncə məlumatlarla tanış olduqdan sonra dərin kədər hissi keçirdiklərini, faciənin tanıdılması üzrə işlərə dəstək verilməsinin əhəmiyyətli olduğunu bildirmişlər. Amy Bolduin öz peşə fəaliyyətində travma almış uşaqlarla məşğul olduğunu diqqətə çatdırararaq, Xocalı faciəsi zamanı xüsusilə uşaqlara dəymiş zədənin reabilitasiyası işinin çətinliklərini yaxşı anladığını vurğulamışdır.

Tədbirin sonunda “Müharibə Uşaqları” sənədli filmi nümayiş olunmuş, rejissor Şamil Nəcəfzadə iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Tədbir zamanı Xocalı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti