Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin daha bir parlaq nümunəsidir. Bu, Ulu öndər Heydər Əliyevin humanizm siyasətinin davamıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, dövlət başçısı ənənəvi olaraq bayram günləri, bir sıra əlamətdar tarixi günlər öncəsi imzaladığı əfv sərəncamları ilə xeyli sayda insanı azadlığa qovuşdurur.
Onun sözlərinə görə, ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır:
"Budəfəki əfv sərəncamı 431 nəfərə şamil olundu. Humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Dövlətin belə məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır".
Millət vəkili əlavə edib ki, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır:
“Əfv sərəncamının Novruz bayramı öncəsi imzalanması isə cəmiyyətdə xüsusi əhvali-ruhiyyə yaradan hadisədir. Çünki bayramları, əlamətdar günləri yaxınları, əzizləri ilə keçirmək hər bir insanın arzusudur. Qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alsaq, əfv olunan vətəndaşların evlərində bayram sevincinin ikiqat hiss olunacağı şübhəsizdir. Beləliklə, ölkə Prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir. Eyni zamanda, bu sərəncam Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir”.
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.