Bakı. Ləman Zeynalova - Trend:
Avropa İttifaqı (Aİ) martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü ümidverici hesab edir.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin mətbuat xidmətinin görüşlə bağlı yaydığı bəyanatda deyilir.
“Liderlərin atəşkəs rejiminin möhklənlənməsi, sülh üçün əlverişli şəraitin yaradılması, həmçinin onların nəticəyə yönələn danışıqlar istiqamətində növbəti addımları atmağa hazırlıqları ümidvericidir”, - deyə bəyanatda bildirilir.
Aİ qeyd edir ki, humanitar sahədə tədbirlərin hazırlanmasına dair Vyana razılaşmasının, həmçinin əhalinin sülhə hazırlanması ilə bağlı iki ölkənin XİN rəhbərləri arasında 2019-cu il yanvarın 16-da Parisdə əldə olunmuş razılaşmanın reallaşmasını səbirsizliklə gözləyir: “Avropa İttifaqı yenidən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səyləri və təkliflərini tam dəstəklədiyini bəyan edir, o cümlədən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vasitəsi ilə”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.